Özünü “demokratiyanın beşiyi” adlandıran Fransanın son günlər Yeni Kaledoniyada həyata keçirdiyi həbslər, tətbiq olunan komendant saatı və fransız təhlükəsizlik qüvvələrinin yerli Kanak xalqına qarşı törətdiyi zorakılıqlar bu ölkənin dünyanın müxtəlif ölkələrində törətdiyi soyqırımı cinayətlərinin davamıdır. Fransanın bu antidemokratik davranışları ümumən fransız dövlətçiliyinin quldur, cinayətkar mahiyyətini ortaya qoyur. Yeni Kaledoniyanın paytaxtı Numeada baş verənlər fundamental insan hüquqlarının kobud şəkildə tapdanması və yeni müstəmləkəçiliyinin ən ağır formada təzahürüdür.
Müstəmləkəçiliklə vidalaşdıqlarını iddia edən və demokratiyanı, insan hüquqlarının qorunmasını özlərinin təməl prinsipləri kimi bəyan edən Qərb ölkələri, çox təəssüf ki, ənənəvi müstəmləkəçilik siyasətini neokolonializm formasında bu gün də davam etdirir və basqı altında saxladıqları ölkələrdə, ərazilərdə insan hüquq və azadlıqlarına sayğısız yanaşırlar. Demokratiya, insan hüquq və azadlıqları Qərb üçün sadəcə olaraq manipulyasiya vasitəsidir. Həmçinin neokolonializmin ən fəal icraçılarından biri sayılan Fransanın timsalında da demokratiya, insan haqları yalnız boş təbliğat predmetidir. Bütün bunlar göstəriş xarakteri daşıyır və Fransanın “demokratik ölkə” imicinin yaradılmasına xidmət edir. Lakin əsl həqiqətdə isə Fransanın nə demokratiyaya, nə də təməl insan haqlarına heç bir aidiyyatı yoxdur. Təəssüf ki, bu acı həqiqəti Fransa hökumətinin Yeni Kaledoniyadakı son davranışları da təsdiqləyir.
Yeni Kaledoniya adası uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkir. 300 min nəfərə yaxın əhalisi olan bu ada 1853-cü ildən Fransanın müstəmləkəsi altındadır. Fransa digər ərazilərdə olduğu kimi, burada da yerli əhalinin müstəqillik çağırışlarına məhəl qoymur, onların haqlarını kobud şəkildə pozur və eyni zamanda təbii sərvətlərini talan etməyə davam edir. Bu isə haqlı olaraq ada əhalisinin narazılığına səbəb olur. Son günlər bu adada Fransanın neokolonializm siyasətinə qarşı etirazlar özünün pik həddinə çatıb. Yerli kanak xalqı fransız müstəmləkəçiliyinə qarşı son və qəti mübarizəyə qalxıb. Fransa hökuməti adaya nəzarətin əllərindən çıxmamasından ötrü buraya qoşun yeridib, fövqəladə vəziyyət tətbiq edib. Günlərdir ki, davam edən etirazlar zamanı 5 nəfər ölüb, yüzlərlə şəxs yaralanıb. Çoxlu sayda saxlanılanlar, həbs olunanlar da var.
Bütün bunlar sözsüz ki, Fransanın demokratik dəyərlərə münasibətdə ikili standartlardan çıxış etdiyini, onun toplaşma azadlığı, siyasi plüralizm kimi anlayışlara məhəl qoymadığını göstərir. Dinc nümayişlərin amansızlıqla dağıdılması, yerli kanak xalqının nümayəndələrinin zorakılığa məruz qalması Fransanın “demokratik ölkə” maskasının cırılmasına, Makron administrasiyasının ifşa olunmasına gətirib çıxarır. Dünyaya “demokratiya” dərsi keçməyə çalışan Fransanın əsl həqiqətdə demokratik dəyərlərdən və insan hüquqlarından nə qədər uzaq bir ölkə olduğu üzə çıxır. Başqa ölkələrə münasibətdə dərhal “demokratiya”, “insan hüquqlarının qorunması” tələblərini ortaya atan və bu şüarlardan həmin ölkələrin hakimiyyətlərinə qarşı təzyiq vasitəsi kimi istifadə edən Fransa, bu gün kiçik bir adanın sakinlərinə qarşı xüsusi amansızlıqla davranır və o adanın nikel ehtiyatlarını əlində saxlamaq üçün hətta bütün sakinləri belə qətlə yetirməyə hazırdır.
Kanak xalqına qarşı bunca vəhşilikləri törədən Fransa hökuməti öz əməllərinə haqq qazandırmaq üçün utanmadan Azərbaycanın da adını hallandırır, ölkəmizə qarşı qarayaxma kampaniyası aparır və əsassız iddialar irəli sürür. Belə ki, Fransanın daxili işlər naziri Jerald Darmanin mayın 16-da “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı gülünc iddialar səsləndirərək, rəsmi Bakını Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etirazlarını dəstəkləməkdə, iğtişaşlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Görünür Azərbaycanın Fransanın neonkolonist siyasətinin ifşa olunmasında fəal rol oynaması Makronu və onun komanda üzvlərini ciddi şəkildə narahat edir.
Azərbaycan dövlətinin həm Qoşulmama Hərəkatının kürsüsündən, həm də Bakı Təşəbbüs Qrupunun aktiv və məqsədyönlü fəaliyyəti ilə Fransanın istibdadına və sömürgəçiliyinə məruz qalan xalqların, o cümlədən kanakların hüquqlarının qorunması üçün haqq səsini ucaltması rəsmi Parisin yeni müstəmləkəçilik planlarına ağır zərbə vurur. Ona görə də Fransa prezidenti öz daxili işlər nazirini qabağa verib, Azərbaycanı hədəfə alır. Ancaq Fransa tərəfinin Azərbaycana qarşı səsləndirdiyi ittihamlar tamamilə əsassız və qəbuledilməzdir. Biz Fransanın ədalətsiz, riyakar və soyqırımçı siyasətini qətiyyətlə pisləyirik. Makron hökuməti Azərbaycanı suçlamaq əvəzinə, öz səhvlərini düzəltməlidir. Fransız xalqı güzgünü qırmaq əvəzinə, öz müstəmləkəçi hökumətinin əməllərinə görə utanmalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri