Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Özbək Dilinin İnkişafı Fondunun və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iştirakı ilə filologiya elmləri doktoru dosent Elçin İbrahimovun “Turki xalqlarning umumiy alifbosi, imlosi va mulaqat tili” (Türk xalqlarının ümumi əlifbası, imlası və əlaqə dili) adlı əsərinin özbək dilində nəşrinin təqdimatı keçirilib.
Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Özbək Dilinin İnkişafı Fondunun direktoru filologiya elmləri doktoru Əzizcan Eminov açaraq Özbəkistan Respublikasının dil siyasətindən söz açdı. Ə.Eminov Özbəkistanda ana dilinin əhəmiyyətli dərəcədə önəm qazandığını vurğulayaraq son zamanlar digər qardaş türk dillərinə də böyük marağın olduğunu söylədi söylədi.
Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan və Özbəkistan arasında bütün sahələri əhatə edən əlaqlərdən söz açaraq bu münasibətin bütün türk dünyası üçün gözəl bir nümunə olduğunu vurğuladı. Elçin İbrahimovun ərsəyə gətirdiyi bu əsərin də türkdilli dövlətlərdə ana dilinin istifadəsi və inkişafı sahəsində çox vacib bir əsər olduğunu qeyd edən K.Məmmədzadə bu sahədə daha çox işlərin görülməsi zərurətini qeyd etdi.
Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Türk dünyasının ən böyük probleminin inteqrasiya dilinin olmamasını vurğuladı. K.Məmmədzadə türk dillərinin populyarlaşdırılması, təbliği və tədrisinin vacib olduğunu qeyd edərək Azərbaycan Mədəniyyət Mərkəzinin bu sahədə gerçəkləşdirdiyi layihələrdən söz açdı. Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın bir neçə ali məktəbində Azərbaycan dilinin tədrisinə başlanıldığını vurğulayan K.Məmmədzadə, gələcəkdə bunun daha da genişləndirilməsi istiqamətində işlərin aparıldığını, dil tədris vəsaitlərinin, danışıq kitabları, lüğətlərin çap edildiyini, dil kurslarının təşkil edildiyini qeyd etdi.
Çıxış edənlər Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Yanında Dövlət Dilinin İstifadəsinin tədrisi və İxtisaslaşdırma Mərkəzinin direktoru dosent İnamcan Azimov, Özbəkistan Dövlət Sənət və Mədəniyyət Universitetin professoru Marufcan Yoldaşov təqdimatı keçirilən nəşrin Özbəkistanda olduqca aktual olan bir problemdən bəhs etdiyini qeyd edərək bu əsərin ana dilinin istifadəsi, imlası və əlifbası məsələləri sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, tələbələr üçün çox dəyərli bir mənbə olduğunu vurğuladılar.
Sonda çıxış edən müəllif Elçin İbrahimov əsərin ərsəyə gəlmə zərurəti və tarixçəsindən söz açaraq kitabın Özbəkistanda nəşrinin ana dilinin istifadəsi sahəsi üzrə mövcud problemlərin aradan qaldırılması istiqamətində gərəkli mənbə olacağına ümid etdiyini söylədi. E.İbrahimov nəşrin ərsəyə gəlməsində yaxından iştirak edən təşkilatlara öz minnətdarlığını bildirdi.
Süleyman