Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Ermənistan sülh danışıqlarının uğurla yekunlaşması zamanın tələbidir

Azərbaycan-Ermənistan sülh danışıqlarının uğurla yekunlaşması zamanın tələbidir


30 ildən çox müddət keçdikdən sonra Azərbaycanla Ermənistan arasında baş verən son proseslər həqiqətən də tarixi proseslərdir və BMT-nin Baş katibi Antonio Quterreşin aprelin 19-da sərhədlərin delimitasiyasına dair əldə olunmuş razılaşmanı alqışlayaraq Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləməsi də heç şübhəsiz ki, prosesin sonrakı inkişafına ciddi mənəvi, siyasi dəstəkdir.

Hazırda Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və bu kontekstdə sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar davam edir. Eyni zamanda iki ölkə arasında yekin sülh sazişinin mətni üzərində işlərin davam etməsi də ümidverici haldır. Elə ərazi bütövlüyünün qarşılıqlı tanınması üzrə dialoq da məhz yekin sülh sazişi danışıqları çərçivəsində davam etdirilir. Tərəflər Tovuzun 4 kəndi üzrə delimitasiyanın başa çatmasından sonra sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını da davam etdirməyə və münasibətlərin tam normallaşmasına nail olmaq üçün geridə qalan bütün ikitərəfli məsələləri həll etməyə qadirdir. Rəsmi Bakı bunun üçün səylərini əsirgəmir.

Azərbaycan tərəfi bu danışıqların uğurla başa çatacağına və Cənubi Qafqazda qalıcı sülhün tezliklə bərqərar olacağına ümid edir. Çox istərdik ki, Ermənistan hakimiyyəti də keşiş Baqrat Qalstanyanın və onun arxasında duran “Qarabağ klanı”nın bədnam liderləri – Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın bütün revanşist cəhdlərinə baxmayaraq axıra qədər siyasi iradə nümayiş etdirsin və xarici işlər nazirlərinin mayın 10-11-də Almatıda keçirilmiş görüşündə əldə edilmiş razılaşmalara əməl etsin.

Rəsmi İrəvan kənar güclərin diktəsini, ənənəvi havadarlarının qızışdırıcı tövsiyələrini rədd etməyi bacarmalıdır. Sülh sazişi üzrə cari məsələlərin həllinə yönəlmiş konstruktiv təmaslar davam etdirilməlidir. Ermənistan tərəfi kənar güclərin, üçüncü tərəflərin vasitəçiliyi olmadan da danışıqların davam etdirilməsinin və razılaşmalar əldə etmənin mümkünlüyünü artıq əyani olaraq görür. Odur ki, rəsmi İrəvan bu tarixi fürsəti düzgün dəyərləndirməli və sülh naminə real addımlar atmalıdır. Sülh sazişi üçün əlverişli fürsət yetişməkdədir. Hazırda böyük güclərin başı öz problemlərinə qarışıb. Bu da Cənubi Qafqazda sülhün bərqərar olması üçün əlverişli geosiyasi fon yaradır. Azərbaycan-Ermənistan sülh danışıqlarının uğurla yekunlaşması zamanın tələbidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş