"Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olaraq dünyanın mütləq əksəriyyət dövlətləri kimi Mərkəzi Asiya respublikaları ilə də sıx əlaqələr qurur, bu əlaqələri hər ötən gün inkişaf etdirir. Maraqlısı odur ki, region ölkələri də öz növbəsində Azərbaycana böyük maraq göstərirlər. Son bir neçə ayda Mərkəzi Asiya respublikalarının liderlərinin Azərbaycana səfəri fonunda bunu aydın görmək mümkündür".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev Tacikistan prezidentinin Azərbaycana dövlət səfərini şərh edərkən səsləndirib. O bildirib ki, bu səfərlər Azərbaycana olan marağın göstəricisidir:
"Bir müddət əvvəl Qırğızıstan prezidenti , onun ardınca Qazaxıstan dövlət başçısı Azərbaycana dövlət səfərləri etdi. Hazırda isə Tacikistan prezidenti İmaməli Rəhman ölkəmizdə dövlət səfərindədir. Bütün qeyd etdiklərim həm Azərbaycana olan maraq, həm də rəsmi Bakı ilə əməkdaşlığın inkişaf etdirilməsinə yönələn təşəbbüslərdir".
Elvin Babayev deyib ki, bu kimi səfərlər təkcə siyasi deyil, eyni zamanda iqtisadi, sosial, humanitar və mədəniyyət sahələrində də əlaqədarin inkişaf etdirilməsinə öz töhfəsini verir.
Nərgiz Əzizova