Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzanın gələcəyi ilə bağlı suallar cavabsız qalıb

Qəzzanın gələcəyi ilə bağlı suallar cavabsız qalıb


Avropada Fələstin dövlətini tanımaq çağırışları artır. Artıq bir neçə ölkədə bu proses kütləvi hal alıb.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Elxan Şahinoğlu deyib ki, Avropanın 3 dövlətinin Fələstinin müstəqilliyini tanıması İsrail hökümətinin Qəzzada müharibə qərarına təsir edəcəyini söyləmək çətindir. Onun sözlərinə görə, 1980-ci illərin sonlarından Fələstinin müstəqilliyini 140-a yaxın dövlət tanıyıb, ancaq bu tanınma Tel-Əvivin siyasətini dəyişdirməyib:

"İsrailin baş naziri Benyamin Netanyahu xarici təzyiqdən çəkinmir, ona əsas təzyiq ölkənin içindəndir. İsrailin müdafiə naziri Yoav Qallant Benyamin Netanyahu ilə fikir ayrılığı içərisindədir. Müdafiə naziri baş naziri Qəzza ilə bağlı gələcək planının olmamasında ittiham edib. Müdafiə nazirinin məntiqi anlaşılandır. Benyamin Netanyahunun konkret planı yoxdur. Tutaq ki, Qəzza tam nəzarətə götürüldü, bəs sonra, fələstinlilər harda yaşayacaqlar, təhlükəsizlik məsələləri necə həll olunacaq? Məsələ burasındadır ki, İsrail ordusu əbədi olaraq Qəzzada qala bilməz, bu həm böyük maliyyə, həm də İsrailə daimi təzyiq deməkdir".

Politoloq deyib ki, Qəzzanın gələcəyi ilə bağlı iki təklif mövcuddur:

"Birinci təklif bundan ibarətdir ki, Qəzza Həmasın rəqibi - Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin idarəetməsinə verilsin. Tel-Əviv bu təklifə o şərtlə razılaşa bilər ki, Fələstin Azadlıq Təşkilatı Qəzzada Həmasın varlığına imkan verməsin. Ancaq bu təminatı kimsə vermək iqtidarında deyil. Vaxtilə Həmas silah yoluyla Fələstin Azadlıq Təşkilatını Qəzzadan uzaqlaşdırmağa müvəffəq olub. Həmas bunu yenə təkrarlaya bilər. İkinci təklifi Ərəb Liqası irəli sürüb və bu təklifə görə, Qəzzada BMT bayrağı altında sülhməramlı qüvvələr yerləşdirilməlidir. Ancaq bu təklifin də mexanizmi tam bəlli deyil. Tutaq ki, BMT qüvvələri bölgədə yerləşdirildi, idarətmə kimin səlahiyyətində olacaq?
Beləliklə, Qəzzanın gələcəyi ilə bağlı suallar cavabsız qalıb. İsrailin yeganə alternativi məsələnin köklü həllinə razılaşmaq, Fələstinin müstəqilliyini tanımaqdır. Aydındır ki, qatı müfahizəkar siyasətçi olan Benyamin Netanyahu buna razılaşmayacaq. Ümid İsraili idarə edəcək gələcək liderlərədir. İsrail Fələstinin müstəqilliyini tanımadan təhlükəsizlik məsələlərini həll edə bilməyəcək və Tel-Əvivin müxtəlif dövlətlərlə münasibətləri normallaşmayacaq".\

Fuad Hüseynzadə
Xəbəri paylaş