Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumu çərçivəsində 700 milyon ABŞ dollarlıq müqavilələr imzalanıb.
Newscenter.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra mətbuata açıqlamasında deyib.
Tacikistan Prezidentinin sözlərinə görə, biznes forum göstərdi ki, tərəflər öz ticari-iqtisadi əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malikdirlər: "Onun nəticələri imzalanmış ikitərəfli sənədlərlə yanaşı, iki ölkə arasında əməkdaşlığa da təkan verəcək".
E.Rəhmon, həmçinin qeyd edib ki, müvafiq nazirlik və idarələrə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsinin genişləndirilməsi məqsədilə qarşılıqlı tədarük olunan malların nomenklaturasının genişləndirilməsi ilə bağlı yeni yanaşmaların hazırlanması tapşırılıb.
Mehman Mehdiyev