Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü baş tutdu.
Azərbaycan ilə Tacikistan münasibətlərinin tarixi qədim tarixə malikdir. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
Tacikistan Prezidenti İmaməli Rəhmanın Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Tacikistan hər zaman Azərbaycanın yürütdüyü siyasəti beynəlxalq səviyyədə dəstəkləyib. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir.
Prezident Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri ərəfəsində - mayın 20-də Bakıda Azərbaycan-Tacikistan İnvestisiya Forumu keçirilib. Forumda Azərbaycanın və Tacikistanın investisiya potensialı, icra olunan layihələr haqqında təqdimatlar nümayiş etdirilib, müxtəlif iqtisadi subyektlər arasında yeni əməkdaşlıqlar müzakirə olunub. Biznes-forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Hazırda iki ölkə arasında dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə uğurla inkişaf edir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimiz arasında mədəni əlaqələr yüksək dinamikliyi ilə səciyyələnir. Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir.
Bundan başqa İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. Hazırda Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır.
Bu çox sevindirici haldır ki, bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Bu isə uzun illər boyu qarşılıqlı əməkdaşlıq etdiyimiz, dost olduğumuz, birlikdə qurub-yaratmış olduğumuz xalqlarla birgə fəaliyyətimizin sayəsində mümkün olmuşdur.
Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İnanırıq ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.
Ceyhun Məmmədov, Milli Məclisin deputatı