Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfirlər müharibənin acı nəticələrini və Azərbaycanın quruculuq işlərini əyani görürlər

Səfirlər müharibənin acı nəticələrini və Azərbaycanın quruculuq işlərini əyani görürlər


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçilərinin işğaldan azad edilmiş ərazilərimizə səfərlər etməsi, o cümlədən Şuşada və Laçında keçirilən beynəlxalq tədbirlərə qatılmaları artıq postmüharibə dövrünün xoş ənənələrindən birinə çevrilməkdədir. Füzuli və Şuşaya səfər edən ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin ardınca, Fransanın səfiri Ann Buayonun da Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin səfəri çərçivəsində Laçına getməsi və orada keçirilən COP29-a həsr olunmuş tədbirdə iştirak etməsi sözügedən ölkələrin həm Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbullanmasının göstəricisi, həm də qlobal problemlərə yanaşmada bigənəlik nümayiş etdirməkdə suçlanan ABŞ və Fransanın Azərbaycanın təkan verdiyi “Yaşıl həmrəylik” hərəkatına qoşulduğunu təsdiqləyir.

Beləliklə, COP29-a fəal surətdə hazırlaşan Azərbaycan bu gedişlə hətta bir-birinə qarşı ən sərt mövqedən çıxış edən qlobal gücləri, iri dövlətləri də iqlim dəyişikliklərinə qarşı mübarizə “çətir”i altında bir araya gətirməyi bacaracaq. Azərbaycan qlobal həmrəylik üçün yeni üfüqlər açır. “Laçın İqlim Fəaliyyəti Dialoqu” kimi platformalar isə ənənəvi neft ölkəsi kimi tanınan Azərbaycanın yaşıl enerjiyə keçidi təşviq və təbliğ etməsi baxımından olduqca önəmlidir. Bu cür tədbirlər rəsmi Bakıya dünyanın müxtəlif ölkələri ilə yaşıl enerjiyə keçid üzrə əməkdaşlıq qurmağa imkan yaradır.

Eyni zamanda, bu səpkili tədbirlər Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinə regionun bərpa olunan enerji, turizm və kənd təsərrüfatı istiqamətində bərpası haqqında daha çox məlumat əldə etməyə imkan verir. Bu, həm də erməni vandalizminin fəsadlarının və azad edilmiş ərazilərimizin yenidən qurulması, “Böyük Qayıdış” Proqramının həyata keçirilməsi istiqamətində dövlətimizin gördüyü işlərin miqyasının xarici səfirlərə əyani surətdə göstərilməsi baxımından böyük əhəmiyyət daşıyır. Səfirlər müharibənin acı nəticələrini və Azərbaycanın quruculuq işlərini əyani görürlər.

Bu səfərlər erməni vandalizmi ilə Azərbaycan xalqının qurucu xarakteri üzə çıxarır. Təsadüfi deyil ki, Laçına gedən Fransanın səfiri Ann Buayon burada bərpa işləri başladıqdan sonra hansı nailiyyətlərin əldə olunduğunu öz gözlərilə görmək istədiyini bildirib və Laçında aparılan bərpa-quruculuq işlərinin oyatdığı təəssüratlarını bölüşərək Laçının çox gözəl olduğunu vurğulayıb, orada bərpa işləri başlayandan sonra hansı nailiyyətlərin əldə olunduğunu görməyin maraqlı olduğunu etiraf edib. Bu da onu göstərir ki, rəsmi Paris artıq 44 günlük müharibədən sonra regionda yaranmış reallıqları qəbul etməməyin və Ermənistanı revanşizmə təhrik etməyin Fransanın öz maraqlarına zərər vurduğunu dərk etməyə başlayıb.

Səfir Ann Buayonun Laçına səfər etməsi rəsmi Parisin Azərbaycana münasibətdə konstruktiv mövqe sərgiləməyə başlamasının təzahürüdür. Bu kontekstdə Fransa səfirinin tezliklə Şuşaya da səfər etməsinin şahidi olacağıq. Beləliklə, indi regionun gündəmini Ermənistanın havadarları yox, Azərbaycan özü diktə edir. Bunu Qazaxın işğalda olan 4 kəndinin güc yoluyla deyil, məhz danışıqlar vasitəsilə Azərbaycana qaytarılması faktı da təsdiqləyir. Artıq o dörd kənddə üçrəngli bayrağımız qürurla dalğalanır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi bu gün regionda proseslər bizim şərtlərimiz, təkliflərimiz əsasında cərəyan edir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş