Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə Bakıda IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçirilib.
Newscenter.az bu barədə “Təmiz Şəhər”ə istinadən xəbər verir.
Sərgidə bu il 9 müxtəlif ölkədən dəvət olunmuş 12 xarici və 18 yerli sənət adamı “Sülh üçün yarat” mövüzusunda tullantılardan və lazımsız hesab edilən əşyalardan düzəltdikləri incəsənət nümunələrini nümayiş etdiriblər.
“Yaşıl dünya naminə həmrəylik ili”ndə və Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq öncəsi ətraf mühitin mühafizəsinə xidmət edən bu təşəbbüsə dünyanın fərqli ölkələrindən qoşulan yaradıcı şəxslər əsərlərinin məzmununda ekoloji problemlərin aradan qaldırılması ilə yanaşı sülhə çağırış edirlər.
Bakının Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyində təşkil olunan sərginin əsas məqsədi insanların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, tullantıların həcmini azaltmaq və lazımsız hesab edilən əşyaların yaradıcı şəxslərin toxunuşu ilə sənət əsərinə çevrilə biləcəyini əyani şəkildə göstərməkdir.
2012-ci ildən keçirilən sərgidə ötən müddətdə 46 ölkədən 200-dən çox yaradıcı şəxs iştirak edib. Onların əl işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunun ərazisində yaradılan “Tullantıdan sənətə” muzeyində ziyarətçilərə təqdim olunur.
Nərgiz Əzizova