Bu gün xalqımız siyasi tarixində ən əlamətdar və ən qürurlu bir günü - 28 May Müstəqillik bayramını qeyd edir.
Birinci dəfədir ki, Müstəqillik Gününü öz ərazi bütövlüyünə qovuşmuş qalib xalq kimi bayram edirik. Bu tarixi ədalət Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın sarsılmaz əzmi, qəhrəman əsgərlərimizin yüksək peşəkarlığı və xalqımızla dövlətimizin mənəvi bütövlüyü sayəsində qazanılmış Zəfər bayramıdır.
28 May 106 il əvvəl başlanmış müstəqillik mücadiləsinin ötən ilin sentyabr ayında başa çatması ilə müstəqil Azərbaycanın bütövləşməsinin şanlı səhifəsidir.
Bu gün Müstəqillik Günündə Azərbaycanın hər bir bölgəsində - Şuşa, Xankəndi, Xocalı, Ağdərə, Əsgəranda, Qazaxın azad edilmiş kəndlərində, 86,6 min kv.km-lik torpaqlarımızın hər bir guşəsində Üçrəngli bayrağımız dalğalanır.
Dövlətimizin başçısı hər zaman bəyan edir ki, biz torpaqlarımızı azad etməklə, həm də milli ləyaqətimizi və qürurumuzu bərpa etdik. Ona görə də, 28 May bizim qürur günümüz, iftixar mənbəyimiz, Xalq bayramıdır. Bu Günü bizə yaşatdığına görə, Ali Baş Komandan İlham Əliyevə, cəsur və rəşadətli Ordumuza dərin minnətdarıq.
Azərbaycanın müstəqilliyə gedən Yolu bir çox sınaqlardan keçib. 106 il əvvəl Şərqdə yaranmış ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə müstəqillik ideallarının əsasını qoydu. Ancaq müstəqilliyimiz qorunub saxlanıla bilmədi.
Müasir Müstəqil Azərbaycanın memarı Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik idealları sayəsində təşəkkül tapdı və siyasi tariximizdə əbədilik qazandı. ▪ Ulu öndər müstəqil Azərbaycanın möhkəm təməllərini qurdu və inkişaf etdirərək dünya ölkələri sırasında öz layiqli yerini gücləndirdi. Onun ən böyük arzusu erməni tapdağında olan torpaqlarımızın azad olunması idi və hər zaman buna nail olacağımıza dərindən inanırdı.
Cənab Ali Baş Komandan İlham Əliyev Ulu öndərin bu arzusunu gerçəkləşdirərək Azərbaycanın torpaqlarının hər qarışını düşməndən azad etdi, Azərbaycanın dövlət suverenliyini tam bərpa edərək Heydər Əliyevin də arzusunu gerçəkləşdirdi.
Bu əziz bayram günündə Ulu öndərin ruhu da şaddır.
Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlıq daim və əbədi olsun!
Bayramınız Mübarək!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor