Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçirib

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçirib


Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalves, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri ser Cerald Uott və Senatın sədri Alinsia Vilyams Qrant ilə görüşlərdə Azərbaycanın bu ölkələrlə münasibətlərinə dair fikir mübadiləsi aparılıb.

Newscenter.az xəbər verir ki, tərəflər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.

Söhbətlər zamanı Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə təşkilatın institusional inkişafı, Hərəkata üzv ölkələr arasında əlaqələrin və həmrəyliyin gücləndirilməsi, təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması istiqamətində gördüyü işlər təqdir olunub. Ölkəmizin sədrliyi dövründə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirilməsindən məmnunluq bildirilib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə də məlumat verərək, Şəbəkənin Hərəkata üzv ölkələrin qanunverici orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb.
Görüşlər zamanı bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və ölkəmizin təşkilatçılığı ilə bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə inam ifadə olunub. Spiker Sahibə Qafarova qeyd edib ki, bu tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və etimadını əks etdirir.

O, COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə Parlament konfransı keçirəcəyini, bu tədbirin parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları ata biləcəklərini müəyyən etmək imkanı yaradacağını vurğulayıb.

Görüşlərdə COP29 çərçivəsində keçirilən tədbirlərdə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli ilə bağlı məsələlərin də diqqətdə saxlanılacağı qeyd edilib.

Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalveslə görüşdə ölkəmizin bu dövlətlə beynəlxalq əməkdaşlığının səviyyəsindən, bu ölkənin BMT Təhlükəsizlik Şurasında Azərbaycana verdiyi dəstəkdən məmnunluq ifadə edilib.
Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri Cerald Uott Azərbaycanın "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransda iştirakını və Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini yüksək qiymətləndirib.

Milli Məclisin sədri Sahibə Qafarovanın Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlendlə görüşündə isə Azərbaycanın Birlik üzvləri ilə münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Millətlər Birliyinə üzv olan ölkələrin əksəriyyətinin Qoşulmama Hərəkatına da üzv olduqları vurğulanaraq, Azərbaycanın sədrliyinin kiçik dövlətlərin səslərinin eşidilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olunub.

Görüşlərdə parlamentlərarası əməkdaşlıq məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş