Ukrayna uğrunda Rusiya-NATO qarşıdurması getdikcə daha da gərgin xarakter alır. Vəziyyət o həddə çatıb ki, Hərbi Alyansla Moskva arasında açıq şəkildə müharibənin olacağı ehtimalları getdikcə artır.
Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə baş verən proseslərlə bağlı bildirib ki, Rusiyanın Ukraynada işğalı genişləndirməsi, Xarkovu işğal etməsi istiqamətində intensiv hücumları NATO -nun təcili qərarlar qəbul etməsi ilə nəticələnib:
"Qeyd edim ki, Ukraynaya Qərbin verdiyi silahlarla Rusiya ərazisində hərbi mövqelərə zərbə endirmək icazəsi verilməmişdi. Bu da Rusiyaya əlavə imkanlar verib, sərhəddə ordusunu cəmləşdirib, hücumları aktivləşdirirdi. Məhz NATO ilk əvvəldən bu qadağanı götürmüş olsaydı, Rusiya qoşunlarının sərhəddə Xarkova hücumunun vaxtında qarşısını almaq olardı."
Politoloq deyib ki, artıq NATO Parlament Assambleyası Ukraynaya Rusiya ərazisində hərbi mövqelərə zərbə endirmək üçün qərar qəbul edib:
"Bu qərar NATO-nun Ukrayna siyasətində vahid qərarıdır. Demək olar ki, kollektiv Qərb Rusiyanın hücumlarının avroatlantik məkanı təhdid etdiyinin fərqindədir. Rusiyanın durdurulması Qərb üçün prioritet kimi qəbul edilib".
Süleyman