Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəlalı radikallarımızın küçə və anarxiya sevdası

Bəlalı radikallarımızın küçə və anarxiya sevdası


Güclü, peşəkar və həyatının bəlli hissəsini idmana həsr etmiş bir idmançının öz üstünlük və nailiyyətlərini nümayiş etdirməyinin əsas vasitəsi rəsmi yarışlarda iştirak etməkdir. Ən azından ona görə ki, rəqabət mədəniyyəti eyni zamanda peşəkarlığın təzahürüdür. Başqa sözlə, hər bir idmançı birinciliklə bağlı olan arzu və sağlam iddialarını ciddi və əhəmiyyətli yarışlarda iştirak etməklə reallaşdıra bilər. Öz “gücünü” nümayiş etdirmək üçün küçəni seçmiş insan isə idmançıdan daha çox bəsit xuliqana bənzəyir. Əlbəttə ki, seçim “küçə” olduğu təqdirdə hər hansı bir peşəkarlıqdan və ya yüksək mənəvi keyfiyyətlərdən danışmağın yeri yoxdur. Hətta onu da qeyd edə bilərik ki, öz gücünü nümayiş etdirmək üçün məhz küçəni seçmiş idmançı heç bir zaman ictimaiyyətin rəğbətini qazana bilməz. Əksinə, bu cür yolu seçmiş insan qınaq obyektinə çevrilər. Şübhəsiz ki, qeyd olunan mülahizə və qənaətlər ilə razılaşanların sayı narazı olanlardan daha çox olacaqdır.

Musavat.com xəbər verir ki, bu fikirlər politoloq A.Adil “Anarxiya sevdası” sərlövhəli məqaləsində yer alıb.

"Bəs, bu cür inkarolunmaz sadə həqiqətləri bilən və bizim sosial şəbəkə “ulduzlarına” çevrilən bəlalı radikalçılarımız siyasi fəaliyyətini nümayiş etdirmək üçün hər dəfə israrla məhz küçəni seçdiyi zaman nəyi düşünür və nəyə ümid edirlər? Artıq hamıya bəllidir ki, siyasi alver ilə məşğul olan siyasətciklərin Qərbə satdıqları “məhsul” Azərbaycanın milli maraqlarıdır. Xəstə ambisiyalarının ödənilməsi üçün sağlam rəqabəti və inkişafı yox, məhz təxribatı və küçə iğtişaşlarını seçmiş bu demaqoqlar artıq sözün tam mənasında “anarxiya sevdalıları” kimi adlandırıla bilərlər.

Təsvir etdiyimiz mənzərəni müşahidə edən və hadisələrin sıravi izləyicisi olan adi vətəndaşda mövcud kontekstdə təbii bir sual yarana bilər: “Siyasi münasibətlərin mütləq parçası olan siyasi dialoqda, habelə sağlam rəqabətin təzahürü olan seçkilərdə iştirak etməkdən boyun qaçıran “siyasi düşərgənin” siyasətdə nə işi var və bu cür siyasişivənlərin əsl amalı nədir?

Müəyyən mənada təəccübdən yaranan bu cür sualların yaranması kifayət qədər normal haldır. Təəssüf ki, cavabların axtarışı zamanı biz acı həqiqətlə üz-üzə gəlməli oluruq. Acı həqiqət isə ondan ibarətdir ki, “siyasi ambisiya” xəstəliyinə yoluxmuş bizim bəzi həmyerlilərimiz müxalifətçiliyi biznesə çevirərək hətta milli maraqlarımızı satmaqdan belə çəkinmirlər.

Bu cür çirkin arzu və niyyətlərinin reallaşdırılmasında onlara “imdad” olanlar isə əlbəttə ki, xarici qüvvələrdir. Azərbaycanı təsir altına salmaq üçün bu regionda geosiyasi maraqları olan istənilən ölkənin əsas hədəfi siyasi sabitliyin pozulmasıdır. Mövcud məsələdə isə onlar üçün ən ideal “maşa” psevdopatriot radikallardır. Məhz radikallar vasitəsilə müxtəlif təxribat xarakterli situasiyalar yaradılır və daha sonra həmin süni yaradılmış situasiyalar beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı manipulyasiya aləti kimi istifadə olunur. Başqa sözlə, xarici qüvvələr öz siyasi oyunlarını konkret ölkədə olan radikal müxalifətə dəstək göstərməklə həya keçirirlər. Bu bir siyasi həqiqətdir. Təsadüfi deyil ki, Qərbi ən çox narahat edən təşəbbüslər məhz iqtidarın siyasi partiyalar müstəvisində apardığı islahatlardır.

Məhz bu cür siyasi həqiqətləri biləndən sonra anlayırsan ki, “boykot”, “etiraz”, “mitinq”, “inkarçılıq” və digər destruktiv siyasi təzahürlər radikallar üçün sadəcə siyasi alverin alətləridir. “Boykot” elan etməklə müxtəlif təxribat və manipulyasiyalara yol açan radikallar sadəcə onlara verilmiş tapşırığı yerinə yetirmiş olurlar. Onların bu cür addım və davranışları hansısa ciddi və prinsipial siyasi mövqe ilə heç bir əlaqəsi yoxdur. Siyasişivənlər çox gözəl anlayırlar ki, hər hansı bir seçkidə iştirak etməklə və rüsvayçılıqla məğlub olmaqla, onlar öz sonuncu simaları olan “radikal müxalifət” maskasını belə itirmiş olurlar.

Burada ilk baxışdan anlaşılmaz hesab oluna biləcək daha bir hal üzə çıxır. Bəli, “inkarçılıq” radikal təfəkkürün ən əsas əlamətlərindən biridir. Görəsən, niyə AXCP bütün vəchlə inandırmağa çalışır ki, ölkənin yeganə müxalifəti məhz onlardır? Bu stereotipin yayılması üçün onlar hətta öz “silahdaşlarını” təhqir etməkdən belə çəkinmirlər. Cavab “əlahəzrət” puldur. Axı ölkədə yeganə destruktiv müxalifət statusuna malik olan partiya məhz AXCP olduğu təqdirdə, onda müxtəlif kirli məqsədlərə xidmət edən qrantlar üçün ayrılan vəsaitlərin də tək ünvanı məhz sözügedən partiya olur. Budur onların inkarçılıq davranışının əsas səbəbi.

Odur ki, milli maraqlar kontekstində “destruktiv müxalifət” ilk növbədə satılmağa hazır olan müxalifətdir. Anarxiya sevdalıları olan bu siyasətciklər öz baxışlarını dəyişdirmək və quruculuq işlərində, o cümlədən siyasi quruculuq proseslərində, fəal iştirak etməyin əvəzinə təxribat yolunu seçiblər. Xalqın sevincini və dövlətin uğurlarını özünə dərd bilmiş marginallar çox gözəl bilirlər ki, cəmiyyətdə yaşanan ən böyük sosial sifariş məhz siyasi sabitlikdir. Onlar arzu etdikləri anarxiya və xaos isə heç zaman inkişaf və tərəqqinin səbəbi ola bilməz", - deyə politoloq diqqətə çatdırıb.
Xəbəri paylaş