"Qanunvericiliyə, mövcud reallıq və şərtlərə əsaslansaq Azərbaycanda cari ildə Milli Məclisə seçkilər keçirilməlidir. Parlamentin indiki tərkibdə və şəraitdə optimal fəaliyyət göstərməsi, öz səlahiyyətlərini doğru-düzgün icra etməsi demək olar ki, mümkün deyil. Deputatların səlahiyyəti o qədər məhdudlaşdırılıb ki, hətta icra orqanlarından göndərdikləri sorğulara belə vaxtında cavab ala bilmirlər. Bu həm də ondan irəli gəlir ki, Azərbaycanda seçkili orqanlara və seçkiyə münasibət lazımı səviyyədə deyil".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, demokratik və şəffaf seçkilər keçirilmədiyindən mandat alan Milli Məclis üzvü istər-istəməz icra hakimiyyəti orqanlarından asılı vəziyyətə düşür:
"Odur ki, ilk növbədə Seçki qanunvericiliyi təkmilləşdirilməli, qanunvericilik işlək mexanizm halına gətirilməlidir. Konstitusiyanın özünün də dəyişdirilməsi üçün referenduma ciddi ehtiyac var. İlk növbədə ali icra hakimiyyəti orqanı ilə qanunverici orqan arasında səlahiyyətlər bölgüsü dəqiqləşdirilməli, qarşılıqlı nəzarət funksiyası konkretləşdiriməlidir. İkincisi, proporsional və mojaritar seçki sistemlərini qarışıq tətbiq edilməlidir. Qonşu Gürcüstanda və Ermənistanda qarışıq seçki sisteminə uyğun formalaşdırılan parlamentlər fəaliyyət göstərir".
Süleyman