Bu ilin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına köçürüləcək.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
“Bugünkü konfransın şüarında deyildiyi kimi, biz minanın ətraf-mühitə təsirini azaltmağa, təhlükəsiz və "yaşıl" gələcək yaratmağa çalışırıq. Mina fəaliyyətləri xüsusilə münaqişədən sonra çox vacib fəaliyyətdir. İşğaldan azad edilmiş ərazilərdə böyük bir yenidənqurma işləri həyata keçirilir və onların hamısı sıfırdan qurulub. Dünən siz gördünüz ki, sakinlər sıfırdan öz həyatlarına başlayıblar. Ümumilikdə 800 minə yaxın keçmiş məcburi köçkünün öz yurdlarına qayıtması üçün işlər sürətlə davam edir. 20 min keçmiş məcburi köçkün bu ilin sonuna kimi yurdlarına köçürüləcək, ümumilikdə 9 şəhər yenidən qurulacaq. 2021-ci ildən bəri təxminən 7 milyard ABŞ dolları bərpa və yenidənqurma işlərinə yatırılıb”, - o qeyd edib.
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb ki, Ermənistanın mina xəritələrini verməkdən imtinası vəziyyəti çətinləşdirir: “Azərbaycan görüləcək işlərlə bağlı üzərinə öhdəlik götürüb. Ümid edirik ki, Ermənistan da bu öhdəlikləri anlayır. Keçmiş məcburi köçkünlərin yurdlarına qaytarılması gecikir, çünki Azərbaycan minalarla çirklənmiş ölkələr arasında ilk beşlikdə dayanır. 361 Azərbaycan vətəndaşı 2020-ci ildən bəri mina qurbanı olub. Mina problemi o qədər böyükdür ki, bu prosesi yekunlaşdırmaq illər alacaq. Amma bu gün yüksək avadanlıqlarla təchiz olunmuş ANAMA kimi bir qurumumuzun olduğunu qürurla deyə bilərik. Ümid edirik, bu konfrans imkan verəcək ki, yükün bölüşdürülməsində beynəlxalq ictimaiyyət iştirak edəcək".