"Parlamentdə siyasi partiyaların təmsilçiliyinin dekorasiya və imitasiya xarakteri daşımaması üçün siyasi rəqabət mühiti yaradılmalıdır. Bunun təcrübədən çıxmış formalarından biri parlamentdə deputat fraksiyalarının yaradılmasını asanlaşdırmaqdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O deyib ki, hazırkı Konstitusiyaya görə parlament fraksiyası 25 deputatın iştirakı ilə yaradıla bilər:
"Hazırda üst-üstə parlamentdə formal da olsa təmsil olunan depetutatların sayı 10 nəfəri keçmir. Bütün bu sadaladıqlarım həyata keçirilmədən yaxın aylarda keçirilməsi söylənilən parlament seçkilərinin heç bir mənası qalmır. 2019-cu ildə özünü buraxan Milli Məclisin verdiyi bəyanatı yəqin ki, xatırlayırsınız. Həmin bəyanatda deyilirdi ki, parlamentin mövcud tərkibi prezident İ.Əliyevin apardığı fundamental islahatlarla ayaqlaşa bilmir və müasir dövrün tələblərinə, çağırışlarına cavab vermir. 2020-ci ilin fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə formalaşdırılan parlamentin yeni tərkibi elə köhnələrdən ibarət oldu. Demək olar ki, dəyişmədi. Həmin seçkilərdə 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən AMİP namizədi olaraq deputat seçkilərində iştirakım məhz islahat anonsundan doğan ümid və inamla bağlı olsa da, çox keçmədi hər şeyin köhnə qaydada olduğu açıq şəkildə özünü büruzə verdi və mənim kimi seçkiyə qatılan yüzlərlə insan baş verənlərdən çox məyus oldular".
AMİP funksioneri, "İnanmaq istərdim ki, parlamentdə təzə simaların, perspektivli şəxslərin, ciddi siyasi partiyaların və siyasətçilərin hesabına keyfiyyət dəyişiklikləri həyata keçirilsin. Bu təkcə ölkənin hərtərəfli inkişafına və dayanıqlılığına, stabilliyinə böyük töhvə verməklə bahəm ölkənin beynəlxalq mövqelərinin və imicinin möhkəmənməsinə də təminat verərdi. Bütün bu faktorlar diqtə edir ki, ölkədə cari ilin sonunadək demokratik və dünya standartlarına uyğun şəkildə Milli Məclisə seçkilər keçirilsin",-deyə vurğulayıb.
Süleyman