“Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın dəqiq statistikasının hazırlanması ilə bağlı sosial şəbəkədəki paylaşımının Ermənistanda ajiotaj yaratması, bir daha subut edir ki, onlar əsil həqiqətlərin üzə çıxmasından ciddi surətdə narahatdırlar. Ermənilərin əsrlər boyu özləri üçün yaratdıqları məzlum obrazı, uydurduqları aborogen və qədim mədəni xalq əfsanələri alt-üst olmaqda, əsil simaları və kimlikləri ifşa edilməkdədir”.
Bu fikirləri Newscenter.az-a AMİP liderinin köməkçisi, Siyasi Sura üzvü Əli Orucov səsləndirib.
Partiya funksionerinin sözlərinə görə, Prezident İ.Əliyevin Qərbi Azərbaycanla bağlı strategiyası və uzaqgörənliyi müsbət bəhrəsini verməkdkədir:
"Heç şübəsiz ki, Qərbi Azərbaycan İcmasının yaradılması və formalaşdırılması həmin strategiyanın həyata keçirilməsində önəmli rol oynamaqdadır. Doğrudur, bizim təklif və çağrışlarımıza baxmayaraq Qərbi Azərbaycan faktoru həlledici, vacib faktorlardan biri kimi keçmiş Ermənistan-Azərbaycan münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlarda müzakirə masasına çıxarılmırdı. Qərbi Azərbaycanlıları birləşdirən Azərbaycan Qaçqınlar Cəmiyyəti kölgədə saxlanılırdı. Həmin cəmiyyətin səyi və gərgin əməyi ilə toplanmış mötəbər sübut və materialların bir qismi ya it-bata salındı, ya məhv edildi, ya da lazımsız kağız parçası kimi qovluqlarda tədqiqini gözlədi. “İrəvan” qəzetinin baş redaktoru kimi mənə və təsisçiyə, eləcə də qəzetin fəaliyyətinə, nəşr olunmasına yüksək səviyyələrdə davamlı təzyiqlər həyata keçirildi. Bunu dövlətin apardığı siyasətə zidd sayanlar da oldu, öz konyuktur maraqlarını güdərək el-obasının adını, tarixini yaşatmaqdan qorxub çəkinənlər də. Nə yaxşı ki, Qərbi Azərbaycan məsələsi bu gün aparılan regional və qlobal xarici dövlət siyasətinin içində yer alır. Qərbi Azərbaycanın tarixi, mədəni irsinə diqqət yetirilir, onun sistemləşdirilməsi, təbliği istiqamətində əməli addımlar atılır. Burda da müəyyən sui-istifadə, kampaniya hallarına yol verilsə də, ümumi fəaliyyətə ciddi neqativ təsir göstərə bilmir.
Siz təsəvvür edin ki, Qərbi Azərbaycan İcması sədrinin sosial şəbəkələrdə bir paylaşımı Ermənistan mediasının necə gündəminə çevrilir, siyasi qüvvələr arasında mühüm arqument kimi istifadə olunur. Bu bir ilk deyil".
Əli Oruclu deyib ki, Qərbi Azərbaycan İcması ümumilikdə Ermənistan ictimai-siyasi proselərinə təsir edə bilən, gündəm yaradan faktorlardan biridir:
"Ermənistan cəmiyyətini əndişəyə salan təkcə əsil simalarının üzə çıxarılması deyil, həm də Qərbi Azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdacaqlarının hər addım reallığa doğru irəliləməsidir. Prezident İ.Əliyev demişkən, Qərbi Azərbaycanlılar Zəngəzura, Göyçəyə, Pəmbəyə, Vedibasara, Amasiyaya və ən nəhayət İrəvana tankın üzərində yox, minik avtomobillərində qayıdacaqlar. Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının qəbul etdiyi “Qayıdış Konsepsiyası” tezliklə həyata keçiriləcək. İcma sədri Ə.Ələkbərlinin sosial şəbkələrdə qısa bir paylaşımına Ermənistan cəmiyyətində verilən qiymət və yaratdığı isterika başadüşüləndir. Ancaq bu başqa bir dövlətə qarşı ərazi iddiaları kimi yozulmamalı, Qərbi Azərbaycan ərazilərinə öz sakinlərinin yerləşmə hüququ və arzusu kimi qəbul edilməlidir”.
Süleyman