Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan yeni enerji siyasəti ilə qlobal həmrəylik üçün zəmin yaradır

Azərbaycan yeni enerji siyasəti ilə qlobal həmrəylik üçün zəmin yaradır


Bakı Enerji Həftəsinin başlanmasını günün ən önəmli qlobal hadisəsi hesab edə bilərik. Paytaxtımız bu gün Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinə ev sahibliyi edir. Prezident İlham Əliyev də Bakı Ekspo Mərkəzində keçirilən bu sərgilərin açılışında iştirak edib və öz çıxışında bir sıra aktual məqamlara toxunub. Həmçinin tədbir çərçivəsində dövlətimizin başçısı, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir ilə birlikdə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyub.

Prezident İlham Əliyev sərgilərin açılış mərasimindəki çıxışında Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin Bakıda ilk dəfə 30 il öncə, 1994-cü ildə keçirilidiyini və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində bu tədbirin çox vacib rol oynadığını, eləcə də ötən illər ərzində tədbirin miqyasının daha da genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayıb. Beləliklə, Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji və s. əhatə edir.

Dövlət başçısı onu da qeyd edib ki, son 30 il ərzində imzalanan bütün müqavilələr Azərbaycan tərəfindən yüksək məsuliyyətlə və vaxtında həyata keçirilib. Həmin müqavilələr parlament səviyyəsində ratifikasiya edilib və qanun şəklində imzalanıb. Yəni, həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. "Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir", - deyə Prezident vurğulayıb. Məhz bunun nəticəsidir ki, bu gün yaşıl enerji, bərpaolunan enerji məsələsində də xarici tərəfdaşlardan Azərbaycana qarşı eyni güvənli münasibət, eyni maraq müşahidə olunur. 30 illik təcrübə onu deməyə əsas verir ki, Azərbaycan öz tərəfdaşlarının etimadını qazanmağı bacarıb.

Prezident həmçinin COP29-a ev sahibliyi etməyin məsuliyyəti barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb və deyib ki, biz COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklini çox yaxşı dərk edirik. Maraqlıdır ki, ABŞ Prezidenti Cozef Bayden də 29-cu Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu məsələyə toxunub və müsbət fikirlərini bildirib.

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemianın tədbir iştirakçılarının qarşısında səsləndirdiyi ABŞ liderinin məktubunda qeyd olunub ki, sərgi bir daha Bakının noyabr ayında COP29-a ev sahibliyi etməsinin vacibliyini dərk etməyə imkan verir. Bayden əlavə edib ki, COP29 Azərbaycana həm qlobal enerji təhlükəsizliyi, həm də neft-qaz təchizatı kimi məsələlərdə, həm də bərpa olunan enerji ixracında mühüm rol oynamağa və bu rolu daha da artırmağa imkan verir.

Məktubunda regional sabitlik və qarşılıqlı əlaqələrin ABŞ üçün prioritet olduğunu vurğulayan ABŞ Prezidenti həmçinin Azərbaycanla Ermənistanın sülhə yaxınlaşması faktına da toxunaraq ümid etdiyini bildirib ki, uzunmüddətli sülh sazişi illərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək, eyni zamanda Azərbaycanın da regiondakı rolunu əsaslı şəkildə dəyişəcək. Baydenin bu fikirləri Ağ Evin regionun əsas aparıcı dövləti olan Azərbaycanla yaxın gələcəkdə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu göstərir.

Azərbaycan özünü dünya enerji siyasətinin əsas aktorlarından biri kimi təsdiqləyib. Enerji təhlükəsizliyi, enerji səmərəliliyi (enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi), ətraf mühitin qorunması və iqlim fəaliyyəti, bərpa olunan enerji kimi aktual istiqamətləri özünün enerji siyasətinin əsas prioritetləri hesab edən Azərbaycan hazırda dünyanın (xüsusən də Avropa İttifaqının) enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu gün öz işinə başlayan Bakı Enerji Həftəsinə olan beynəlxalq maraq da bu həqiqəti təsdiqləyir. Azərbaycan yeni enerji siyasəti ilə qlobal həmrəylik üçün zəmin yaradır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş