"SOCAR-ın Türkiyədəki ofisinə edilən hücumun məqsədi Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün olsa da, bunu edənlərin bundan hansısa nəticə ala bilməyəcəkləri də onlara aydın olmalı idi. Fələstin amilini bəhanə edərək kiçik ambisiyalarını həyata keçirmək istəyirlər. Bu insanların əslində İranla əlaqəli kürd qruplaşmalar olduğu qeyd edilir. Bu insanlar öz ağılları ilə Azərbaycana təzyiq etmək, Azərbaycanın adını müsəlman dünyasında ləkələmək və Azərbaycanı Türkiyədə olan millətçi müsəlman toplumun hədəfinə gətirmək istəyirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, amma belə kiçik oyunlarla Azərbaycan -Türkiyə qardaşlığına zərər vurmaq olmaz və bu, əslində mümkün də deyil:
"Azərbaycanın neft satdığı ölkələrin sırasında İsrailin olması ilə Fələstində baş verənlər arasında əlaqə axtarmaq axmaqların işidir. Neftə ehtiyacı olan ölkə İsrail də daxil öz ehtiyacını hardan olsa ödəyir. Azərbaycandan neft alsa da, almasa da. Odur ki, bunda Azərbaycanın heç bir günahı ola bilməz ki, hansı ölkələrəsə neft satır. Ona qalsa İran da Çinə neft satır. Çin isə Uyğur türklərinə qarşı assimilyasiya siyasəti yürüdür. Onda eyni fikirlə İrandan da Çinə neft satmamasını tələb etmək lazımdır. Belə faktlar çoxdur. Hesab edirəm ki, bu hadisənin heç bir ciddi effekti ola bilməz və olmayacaq. Azərbaycan öz siyasətini hansısa kiçik oyunları nəzərə alaraq yürütmür, eləcə də Türkiyə".
Süleyman