Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhəmməd Əmin Rəsulzadə ucalığı

Məhəmməd Əmin Rəsulzadə ucalığı


Məhəmməd Əmin Rəsulzadə deyincə, ilk ağıla gələn Azərbaycan Cümhuriyyəti, Azərbaycan bayrağı və Bütöv Azərbaycandır! Azərbaycan Türk aydını Hüseyn Baykaranın təbirincə desək: O, Böyük bir KİŞİdir! Əsl Azərbaycan Türk KİŞİsi! Hüseyn Bayqara “M.Ə.Rəsulzadə haqqında bir neçə söz” məqaləsində yazırdı: “Əmin bəy yalnız Azərbaycan Türk xalqının qurtuluşu üçün çarpışan bir lider olmayıb, eyni zamanda İslam dünyasının siyasi oyanışı üçün çalışan bir Şərq inqilabçısı və Rus əsiri millətlərin din və irq fərqi göstərmədən xilası üçün uğraşan bir insandır. Bu səbəblə Əmin bəyin fəaliyyəti Azərbaycan və Qafqasiya hüdudlarını aşmışdır. Şəxsiyyəti və xarakteri etibarilə Əmin bəy kiçik çapda bir siyasət yapmaqdan əsasən çox uzaqdı”.

Baykara yazır ki, Əmin bəy zamanında, ən sol və ən radikal siyasi hərəkatlara qatıldığı və bu konspirativ hərəkatları dəstəklədiyi halda, Türk və Türkluk davasını əsla əldən buraxmamışdır. Bu dövrdə Əmin bəy əvvəlcə rəhmətlik Kərbalayi Vəli, Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və arkadaşları tərəfindən qurulan radikal bir komitənin başına keçmiş və bu komitənin fəaliyyət sahəsini genişlətmiş və konsantirə etmişdir. Baykara daha sonra yazırdı: “Əmin bəy haqqında yazı yazan bəzi dostlar Əmin bəyin ilk siyasi fəaliyyətə sosyalist olaraq başladığını məskut (sukut olunmuş) keçmək istərlər. Halbuki, bu durum Əmin bəyi kiçildəcək bir olay deyil, biləks onun böyüklüyünün başlıca dəlili sayılmaqdadır. Əmin bəy kimi göruş obyektivi geniş bir adam ilk siyasi həyata atılarkən başqa cür hərəkət edəməzdi.

O zaman bir qism Azərbaycan Türk münəvvərləri rusca qonuşmayı bir məziyyət sayıyorlardı, qüvvətli bir Türk inqilab təşəkkülü yox idi. Rus çarlığının istibdadı açıqca bir Türk təşəkkülü qurmaya və türkcə qəzetə çıxarmaya imkan vermiyordu. Digər tərəfdən qüvvətli və gizli bir Rus Sosyal-Demokrat partiyası vardı. Bu partiya Qafqasiya və Rusiya çapında fəaliyyət göstəriyor və kəndinə məxsus tarixi vardı. İştə, Əmin bəy bu hərəkata qatılıyor və bu hərəkat içindən kəndi Türk xalqı üçün nə qurtara biləcəyini deyirdi. Sonra unutmamaq lazımdır ki, o zaman inqilabçılar üçün ilk yaxın hədəf Rus çarlıq istibdadının devrilməsi idi. Realist Əmin bəyin seçəcəyi ən doğru yol, bu böyük hərəkata qatılmaq, ona yardım etmək və əvvəla Rus çarlığının istibdadını yıxmaqdı. Çarlıq yıxıldıqdan sonra Əmin bəy yuxarıda qeyd etdiyimiz kəndi ifadəsiylə də bəlirtdiyi kimi, mənsub olduğu Azərbaycan milliyyətçiliyi və istiqlalı yollarını cızacaqdı. Rus inqilab tarixi, başlanğıcda Əmin bəyin bu görüşünün doğru olduğunu göstərmişdir.

Birinci Dunya savaşı içində Çarlıq yıxılmış, Əmin bəy öncə rus əsiri türklər üçün milli-məhəlli muxtariyyət şüarıyla ortaya atılmış və sonra Cənubi Qafqasiya millətləri idarəsi “Seym” məclisi ilə Tiflisə intiqal edincə, orada Qafqasiyanın tamamilə Rusiyadan ayrılması, mütəaqibən hürr və müstəqil Azərbaycan idealını mənimsəmiş və nəticədə müvəffəq də olmuşdur”.H.Baykara yazırdı ki, Əmin bəyi şəxsən İstanbulda mühacirətdə tanıyıb: “O, bir Türk dövləti qurmuş olan adam, həyatın min bir cəfasını cəkdiyi və yarın əkmək bulub-bulamıyacağı məşkuk (şubhəli) bir duruma düşdüyü zamanda dəxi iman və ideolojisindən zərrə qədər qaib etmiş deyildi. Rus imperializmi ilə mücadilə (rəngi nə olursa-olsun) onda təsəvvüfi bir inanc halına gəlmişdi. Onun mühacirətdə gördüyüm təvazöini və təvəkkülünü heç bir zaman unutamayacağım. Azərbaycan davasına yarar – deyə, ən kiçik və ən ümidsiz görülən hadisələr və şəxslər üzərində durur və böyük bir səbr və təhəmmüllə uğraşırdı. Heç bir haqlı səbəb yoxkən, müarizlərinin (etiraz edən, opponent) kəndisinə aşırı təərrüzlərini acı təbəssümlərlə keçişdirirdi.

Bu müarizlərin əksəriyyəti Azərbaycanda ikən burunları da qana-mamış, milli davamız üçün ən ufaq bir risqə dəxi girməmiş, fəqət təsaduflərə borclu olaraq çox qolaylıqla hürr Ana Vətən – Türkiyəyə gəlincə, birər qəhrəman kəsilmişlərdir. Əmin bəyin göstərişdən uzaq və sadə yaşayışı özəniləcək qədər ideal dərəcədə idi. 20-ci yüzilin birinci yarısında Qafqasiyada bu tarix yapan insan, şəxsi haqqında sensasyonal çıxışlardan və göstərişdən əsla xoşlanmazdı. Əmin bəy xatiratını bihaqqın yazsa idi, həyatının sonuna qədər Amerikan dərgilərindən alacağı dollarlar kəndisini rahatca bəslərdi. Fəqət, o, bəzən günlük əkməyi təhlükəyə düşdüyü zamanlarda belə, böylə bir şeyə yanaşmamışdır. Əmin bəy, şair Tofiq Fikrətin dediyi kimi: Qaldığım varsa da gah əkməksiz, Qalmadım indiyədək məsləksiz…dediyi tipdən böyuk bir insandı. Azərbaycanda gizli yeraltı fəaliyyətində tanıdığım və bərabərcə çalışdığım və bu gün böyük əksəriyyəti həyatda olmayan və qurşuna düzülən güzidə şəhid arkadaşlarımız Əmin bəydən bəhs edərkən, daima “Böyuk kişi” – deyə, kəndisini anarlardı. Azərbaycan İstiqlal mücadiləsinin bu əziz şəhidlərini anarkən, xatirələri önündə əyilərək təkrar edirəm ki, Rəsulzadə Məhəmməd Əmin bəy Azərbaycanın və rus əsiri millətlərin qurtuluş mücadiləsi uğrunda bütün həyatını vəqf etmiş eşsiz “Böyuk bir Kişi” idi!”.

Bu gün, Azərbaycan Türk KİŞİsi M.Ə.Rəsulzadənin qurduğu Cümhuriyyətin, dalğalandırdığı Üçrəngli Bayrağın kölgəsində yaşayan bəzi zatların uydurmalarına gəlincə, bu cür xoşagəlməz halların səbəbləri hər kəsə bəllidir! Belələri dünən də olub, bu gün də var, gələcəkdə də olacaq. Olsun! Görünür, belələri də olmalıdır! Əsas odur ki, on milyonlarla Azərbaycan Türklərinin, Azərbaycanlıların yolu Rəsulzadə yoludur. Bizlər, Rəsulzadə yolu ilə gedirik, Azərbaycan yolu ilə gedirik, Türklük yolu ilə gedirik, Bütöv Azərbaycan yolu ilə gedirik və gedəcəyik də!3-5 nəfər əliheyderqarayevlərin, məşədi əzizbəyovların, həmid sultanovların yolunu gedirsə, bu da onların seçimdir, getsinlər! Böyük Azərbaycan Türk aydını, filosofu Əli bəy Hüseynzadənin təbirincə desək, hər kəsin öz gedəcəyi yol var, Bizlər Türklük, İslamlıq, İnsanlıq, Çağdaşlıq yolu ilə gedirik. Yol, bu yoldur, Cümhuriyyətin qurucusunun Yoludur! Yeni dövrdə Yolbayımız Rəsulzadədir! Bu adın özü belə Azərbaycan Tarixidir, Azərbaycan Mədəniyyətidir, Azərbaycan dövlətçiliydir, Azərbaycan bayrağıdır! Bu dövlətə Azərbaycan adını da, Azərbaycanlı kimliyini də, O, böyük KİŞİ vermişdir! Bu baxımdan Rəsulzadənin yolunu qəbul etmək istəməyənlər buyursunlar , Azərbaycan pasportundan, Azərbaycanlı kimliyindən də imtina etsinlər. Çünki bütün bunların, bugünkü Azərbaycan Respublikasında Azərbaycan adlı nə varsa , müəllifi O, böyük KİŞİdir.

Bir dövləti onlarla, yüzlərlə, minlərlə kişilər qurar, amma o, kişilərin başında da bir Kişi kimi Kişi olan Böyük bir Kişi dayanar. Bu anlamda Azərbaycan Cümhuriyyətinin qurucusu, dövlət başçısı, cumhurbaqanı Məhəmməd Əmin Rəsulzadədir. Əlbəttə, bu dövlətin qurulması prosesində M.Ə.Rəsulzadə ilə çiyin-çiyinə çalışmış Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşı, Həsən bəy Ağayev, Xosrov bəy Sultanov, Həbib bəy Səlimov, Üzeyir Hacıbəyli, Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı və başqa böyük şəxsiyyətlərimiz də olublar. Onların hər birinin Azərbaycan Cümhuriyyətinin qurulması və inkişafında özünəməxsus yeri və rolu vardır. Bu gün, onları qarşı qarşıya qoymaq qətiyyən doğru deyil. Ancaq bu bir həqiqətdir ki, o zaman və sonralar Azərbaycan Cümhuriyyətinin qurucusu, dövlət başçısı, cumhurbaqanı Məhəmməd Əmin Rəsulzadə qəbul edilib. Bizlər, bundan yalnız və yalnız qürur duymalıyız.

Deməli, çox sözümüz, yazmalı çox məqamlar var, amma bu gün bu qədər yetər!

Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqan müavini, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli
Xəbəri paylaş