"Şəhid ailələri, qazilər, xüsusi qayğıya ehtiyacı olan insanlar həmişə dövlətin, şəxsən dövlət başçısının diqqətində olub və müntəzəm olaraq onların üzləşdiyi bu və ya digər problemlərin həlli istiqamətində zamanında müvafiq addım atılıb. Özəl ali məktəblərdə təhsil alan şəhid ailə üzvlərinin təhsil haqqından azad edilməsi də bu qəbildən olan mühüm addımdır".
Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədri Süleyman İsmayilbəyli səsləndirib. İctimai Birlik sədri deyib ki, sözügedən qanunun təsdiqlənməsi bir tərəfdən şəhidlərə, onların ailə üzvlərinə olan diqqətin göstəricisidirsə, digər tərəfdən dövlətin, dövlət başçısının təhsilə, elmə olan himayəsinin, gənc nəslin elmli, savadlı böyüməsi üçün çalışdığının, bu prosesdə maraqlı olduğunun sübutudur:
"Bu həm də şəhidlərin ailə üzvlərinə olan ehtiram, sayğı deməkdir".
Süleyman İsmayilbəyli deyib ki, dövlət başçısı hər zaman istər çıxışlarında, istərsə də atdığı əməli addımlarda bunu sübuta yetirib və hər bir vətəndaşa nümunə olub:
"Ümumiyyətlə, şəhid ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatələnib".
Məlumat üçün bildirək ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Sənədə əsasən, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Nərgiz Əzizova