Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Mərakeş Krallığının Rabat şəhərində keçirilən “Şuşa günləri” çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bu gün İCESCO-nun baş qərargahında baş direktor Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
Newscenter.az xəbər verir ki. görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, nümayəndəlik və qoruğun digər əməkdaşları, eləcə də, İCESCO-nun məsul şəxsləri iştirak ediblər. Səmimi dostluq şəraitində keçən görüş zamanı vurğulanıb ki, 2024-cü il üçün Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi tarixi, zəngin mədəniyyəti olan şəhərin böyük islam dünyasında daha çox tanınmasında, turizm potensialının artmasında, eyni zamanda, beynəlxalq müstəvidə əlaqələrin qurulmasında böyük rol oynayır.
Bir müddət öncə Şuşaya baş tutan səfərini, ölkə başçısı cənab İlham Əliyevlə olan görüşünü ən xoş anlarla xatırlayan Salim bin Məhəmməd əl-Maliki, 7 iyun tarixində Rabat şəhərində “Şuşa günləri” tədbirinin İCESCO-nun baş qərargahında keçirilməsini önəmli hadisə adlandıraraq, bu günün qonaqların yaddaşında unudulmaz iz qoyacağına əminliyini bildirib.
Görüş zamanı vurğulanıb ki, artıq Şuşa dünyanın müxtəlif ölkələrindən gələn qonaqları qəbul etməklə yanaşı, bu gün özü də tarixini, mədəniyyətini, adətlərini fərqli şəhərlərdə nümayiş etdirməklə qonaq olur.
Görüşün sonunda baş direktora Şuşadan xatırə hədiyyələri təqdim edilib.
Daha sonra baş direktor Salim bin Məhəmməd əl-Malikinin dəvəti ilə İCESCO-nun baş qərargahında yerləşən “Peyğəmbər muzeyi” nə maraqlı və yaddaqalan ekskursiya təşkil edilib.
Süleyman