"Ermənistan XİN-nin ayın sonuna kimi sülh müqaviləsi imzalanmasının mümkünlüyü barədə verdiyi bəyanatı Azərbaycan tərəfinə yönəlmiş çağırış kimi qəbul etmək lazımdır. Əslində bu, həqiqətən də ayın sonuna kimi sülh müqaviləsi imzalanmasının mümkün olacağı anlamına gəlmir. Bu, Ermənistanın bu prosesdə özünü konstruktiv göstərmək cəhdidir".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Ermənistan tərəfinin mövqeyi ondan ibarətdir ki, biz sülhə hazırıq, amma Azərbaycan tərəfinin mövqeyini gözləyirik:
"Bu, Azərbaycanın sülhə razı olması üçün bir növ təzyiq üsuludur. Hər kəsə bəllidir ki, hələlik müəyyən prinsipial məsələlərdə Azərbaycanın mövqeyi fərqlidir. Ermənistan da bununla razılaşmaq istəmir. Məsələn, Zəngəzur dəhlizinin statusu, sərhədlərin müəyyən ərazilərindəki fikir ayrılıqları. Azərbaycanın dörd eksklav kəndinin geri qaytarılmaması kimi".
Azər Qasımov deyib ki, Azərbaycan tərəfi də sülhdə maraqlıdır:
"Amma bunun üçün özünün tələbləri vardır. Ermənistan bu tələbləri yerinə yetirməlidir. Hesab edirəm ki, Ermənistan XİN-nin bəyanatı bu tələblərə cavab tapıldığı anlamına gəlmir. Yox, əgər Ermənistan Azərbaycanın şərtləri ilə həqiqətən də razılaşıbsa, onda dedikləri sülh müqaviləsi ayın sonuna kimi imzalana bilər. Burda maraqlı məsələ odur ki, Ermənistan XİN sülh müqaviləsindən danışıb, hansısa ön müqavilədən yox. Bu baxımdan qeyd etdiyimiz şərtlərin yerinə yetirilməsi sülh üçün mühüm faktordur. Ermənistan bağlanacaq sülhə Azərbaycanla bərabərsəviyyəli tərəf kimi gedə bilməz. 30 il etdiyi cinayətlərin, işğalın cəzasını bağlanacaq sülh müqaviləsində çəkməlidir".
Süleyman