Bu gün Azərbaycan dünya miqyasında digər sahələrdə olduğu kimi enerji sahəsində də etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz tərəfindən böyük enerji layihələri icra olunur, dünyanın tanınmış enerji şirkətləri ilə müqavilələr bağlanır və Azərbaycan bir sıra dünya miqyaslı enerji tədbirlərinə ev sahibliyi edir.
Bu həftə ölkəmiz növbəti dəfə mötəbər beynəlxalq tədbirə - 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasiminə ev sahibliyi etdi.
Tədbirdə dünyanın 37 ölkəsindən 300-dək şirkətin, eyni zamanda ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə rəsmisi, Avropa Komissiyasının Energetika üzrə Baş idarəsinin direktoru, OPEC-in baş katibi, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru iştirak edirdi ki, bu da Azərbaycanın dünya miqyasında böyük etibara malik olmasından və tədbirin yüksək əhəmiyyətindən xəbər verir.
29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi.
Çıxışında Dövlətimizin Başçısı ölkəmizdə 1990-cı illərin əvvəllərində hökm sürən ağır vəziyyət haqqında məlumat verdi və qeyd etdi ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizdə dönüş nöqtəsi oldu:
1990-cı illərin əvvəllərində Azərbaycanda bütün sahələrdə böhran, özbaşınalıq, xaos hökm sürürdü, dövlət idarəçiliyində isə idarəetmə təmamilə itmişdi. Artıq vəziyyət o qədər ağır idi ki, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi kimi təhlükələrlə üz-üzə qalmışdır. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümumilli Liderimiz Heydər Əliyevin qısa müddət ərzində həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz üzərindən qara buludlar çəkildi və Azərbaycan sürətli inkşaf dövrünə qədəm qoydu. Xüsusilə vurğulamaq lazımdır ki, Xalqımızın xilaskarı Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də özündən sonra İlham Əliyev kimi müdrik siyasətçi yetişdirməsi olmuşdur. Bu günki qüdrətli, güclü və qalib Azərbaycan məhz Heydər Əliyev dühasınln şah əsəridir.
Daha sonra Azərbaycan Lideri Ölkəmizdə həyata keçirilən uğurlu enerji siyasətindən bəhs etdi və vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı vardır:
Əlbətdə işğaldan azad olunmuş ərazilərimizin yüksək enerji potensialına malik olması ölkəmizin enerji siyasətinin daha da inkşafına təkan verəcək. Nəticədə Azərbaycanın dünyanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyəti və rolu daha da artacaqdır.
Bu gün Azərbaycanın dünya miqyasında etibarlı enerji tərəfdaşı kimi tanınmasında və enerji sahəsində əldə etdiyi bütün uğurlar ölkə başçımız, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən enerji siyasəti dayanır.
Sədaqət Vəliyeva, Milli Məclisin deputatı