Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyasının gələcəyi Azərbaycan və Türkiyənin bugünkü addımlarından və qərarlarından asılıdır

Türk dünyasının gələcəyi Azərbaycan və Türkiyənin bugünkü addımlarından və qərarlarından asılıdır


“Türk dünyası böyük bir ailədir» doktrinası ilə siyasət yürüdən və Azərbaycanın Türk dünyası ilə daha sıx inteqrasiyası üzrə davamlı addımlar atan Prezident İlham Əliyevin iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər etməsi Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən münasibətlərin yüksək dinamikasından xəbər verir. Azərbaycan-Türkiyə münasibətlərinin xarakteri nəinki Cənubi Qafqazda, bütün Avrasiya məkanında proseslərə ciddi təsir göstərir və böyük bir coğrafiyada sülh və sabitliyin, dostluq və əməkdaşlığın qalıcı dəyərlərə çevrilməsində olduqca mühüm rol oynayır.

Dövlətimizin başçısı qardaş ölkəyə işgüzar səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk növbədə Azərbaycan-Türkiyə əlaqələrinin cari durumu, Azərbaycan-Ermənistan normallaşma prosesində Türkiyənin rolu, habelə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya prosesinin gücləndirilməsi yönündə geniş müzakirələr aparıb. Bu da təbiidir. Çünki hər iki ölkə tarixi "Şuşa Bəyannaməsi"nin ruhuna uyğun olaraq əksər regional və qlobal məsələlərdə birgə, koordinasiyalı mövqe ortaya qoyur. Bu isə istər Cənubi Qaqfazda, istərsə də ətrafımızda və dünyada cərəyən edən proseslərin liderlər tərəfindən operativ şəkildə, işgüzar qaydada müzakirə edilməsini və ortaq qərarların qəbul olunmasının, birgə hərəkət planının cızılmasını zəruri edir.

Bir sözlə, bu cür işgüzar görüşlərin gedişində Azərbaycan və Türkiyənin hazırkı mənafelərinə və gələcək hədəflərinə dair bütün önəmli məsələlər masaya yatırılır, görüləcək işlər nəzərdən keçirilir. Strateji müttəfiqlərin bu cür intensiv təmasları "Şuşa Bəyannaməsi"nin ölkələrimiz arasındakı münasibətlərin inkişafına birbaşa yön verməsindən irəli gəlir. Azərbaycan və Türkiyə liderlərinin bütün önəmli məsələlərdə belə sıx məsləhətləşmələr aparması yaxşı ənənədir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ənənələrə sadiqliyi təqdirəlayiq haldır.

Böyük Öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, “Bir millət, iki dövlət” kimi tarixi əhəmiyyətli fikirləri münasibətlərimizin bu gününü və gələcəyini şəkilləndirir. Ümumiyyətlə, Türk dünyasının gələcəyi Azərbaycan və Türkiyənin bugünkü addımlarından və qərarlarından asılıdır. Bu mənada İlham Əliyevin Türkiyəyə səfərinin nəticələrinin bütün Türk dünyası üçün xeyirli olacağına inanırıq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş