"Hazırda baş verənlər haqda Ermənistan baş naziri Paşinyanın "Qarabağ klanı Ermənistanda hakimiyyəti dəyişmək istəyir" cümləsini bir az da açıq şəkildə ifadə etsək görərik ki, Paşinyan Rusiyanın və onun Ermənistandakı hücrələrinin hərəkətə gətirilməsini nəzərdə tutur. Paşinyanın devrilməsi üçün ölkənin feodal kəsmi ölkənin dini kəsmi ilə iş bağlantısı qurublar. Sözsüz ki, bütün bunlar düşünülmüş şəkildə həyata keçirilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Ermənistanda cərəyan edən prosesləri şərh edərkən səsləndirib. O bildirib ki, Paşinyanın devrilməsi böyük pullar hesabına və insanların həssas hislərini almaqla mümkün ola bilər və bu səbəbdən mövcud hökumətin istefaya göndərilməsinə çalışılır:
"Bundan sonra pərdəarxası simalar və siyasi fiqurlar arasında hakimiyyət bölgüsü aparmalıdır düşüncəsindəyəm. Amma bütün bunlar heç də asan məsələ olmadığı üçün, Paşinyan hakimiyyətinin və xüsusilə də Paşinyanın ölkədəki siyasi qüvvələr arasında ən çox reytinqə malik olduğunu nəzərə alsaq, erməni baş naziri devirmək asan görünmür.
Doğrudur, Ermənistan cəmiyyətində hakimiyyəti devirmək kimi üsullarla hakimiyyət dəyişikliyi etmək və bunu xalqın arzusu kimi qələmə vermək bir tendensiya halı alıb. Bütün bunlara Ermənistan vasitəsilə Cənubi Qafqaza sahiblənmək arzusunda olan ölkələrin geosiyasi rəqabətlər çərçivəsində maraqlarını da əlavə etsək, Ermənistanın sabahı haqqında heç də xoş olmayan hadisələrin baş verəcəyini qeyd etmək lazımdır".
Anar Əliyev