Şuşa Bəyannaməsinin imzalanmasından 3 il keçir. 2021-ci il, iyunun 15-də imzalanan Bəyannamə ilə bir daha dünyaya Türkiyə-Azərbaycan dostluq-qardaşlığı nümayiş edildi.
Newscenter.az-ın xəbərinə görə, sözügedən tarixi hadisə barədə danışan YAP üzvü Tural Məmmədov deyib ki, Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır:
"Belə ki, Bəyannamədə siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin öz əksini tapması çox mühüm tarixi nailiyyətdir".
Anar Əliyev