Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin icra etdiyi “Ali təhsildə beynəlmiləlləşmə problemlərinin araşdırılması” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə ali məktəb tələbələri, müxtəlif universitetlərin müəllimləri, rəhbər inzibati-idarəetmə işçiləri iştirak ediblər. İctimai Birliyin sədri Mütəllim Rəhimov layihənin məqsədinin ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün onun beynəlmiləlləşməsi ilə bağlı qlobal və regional trendləri nəzərə almaqla, Azərbaycanda mövcud təhsil siyasətini təhlil etmək və təkliflər hazırlamaqdır.
Newscenter.az-ın xəbərinə görə, ekspert, dosent Günay Hüseyn layihə çərçivəsində hazırlanmış “Ali təhsildə beynəlmiləlləşmə problemləri” adlı tədqiqat işini təqdim etdi. O dedi ki, ali təhsildə beynəlmiləlləşmə məsələləri təkcə universitetlərin beynəlxalq əlaqələrini və əməkdaşlıqlarını ehtiva etmir. Onun daha böyük təsir sahələri vardır və ən mühümü də ondan ibarətdir ki, beynəlmilləşmə təhsilin keyfiyyətinin yüksəldilməsinə, Boloniya prosesinin tətbiqinə, tələbə mobilliyinə, tədrisin istesalatla əlaqələndirilməsinə birbaşa təsir göstərir. Azərbaycanda aparılan təhsil islahatlarının praktiki olaraq effektli şəkildə həyata keçirilməsi və uğurlu nəticələrin əldə olunmasında da beynəlmilləşmənin böyük təsiri var. Araşdırmalar göstərir ki, ölkəmizdə universitetlərin beynəlxalq reytinqdə tutduqları göstəriciləri dəyişməyin ən optimal yolu beynəlmiləlləşmədən keçir. Çünki universitetlərin beynəlmiləlləşmə prosesinə qoşulması onları geriyə dönüşü mümkün olmayan və könhə streotiplərə bağlılığı qıran inkişaf prosesinə qoşur.
G.Hüseyn sonra “Ali təhsildə beynəlmiləlləşmə problemləri” ilə bağlı aparılan tədqiqatda əks etdirilən digər məqamlara da toxundu. Ali təhsildə beynəlmiləlləşmə problemlərini yaradan səbəblər, mövcud durum və çıxış yolları barədə əldə edilən qənaətləri açıqladı. Daha sonra təqdim edilən tədqiqat işi ilə bağlı müzakirələr başladı və tədbir iştirakçıları məsələ ilə əlaqədar mövqelərini açıqladılar.
Bakı Avrasiya Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov çıxışında dedi ki, universitetlər beynəlmiləlləşmə prosesinə qoşulmaqla tədrisin müasir Avropa standartlarına uyğunlaşdırılmasını həyata keçirmək məcburiyyətində qalacaqlar. Çünki beynəlxalq əlaqələrin formalaşdırılması Azərbaycandakı universitetlərlə Avropada fəaliyyət göstərən universitetlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulmasına gətirib çıxaracaq. Bu əməkdaşlıq isə ikili diplomların verilməsi, tələbə mobilliyi məsələlərini gündəmə gətirəcək. Bunları həyata keçirmək üçün universitetlər tədris planlarını və tədris qrafiklərini Avropa universitetlərinin təhsil proqramlarına uyğunlaşdırmağa məcbur olacaqlar. Əks halda nə ikili diplom, nə də tələbə mobilliyini praktiki olaraq həyata keçirmək mümkün deyil.
Azərbaycan Dillər Universitetinin dosenti Fazil Rüstəmov isə dedi ki, beynəlmilləşmə universitetlərin idarə olunmasını, elmi araşdırmalara münasibəti də dəyişdirəcək, beynəlxalq indeksli jurnallarda elmi məqalələrin dərcini artıracaq. Bütün bunlar təhsil keyfiyyət təminatının beynəlxalq standartlara uyğunlaşdırılmasını ehtiva edir ki, universitetlərdə tədrisin və elmi araşdırmaların keyfiyyətini artıracaq və onların reytinqinə müsbət təsir göstərəcək.
Ali təhsilin beynəlmiləlləşməsinin konsept olaraq ötən əlli il ərzində yüksəlişə keçdiyini deyən BAAU-nun dosenti Sevda Rzayeva bildirdi ki, ona təhsilin keyfiyyətini artırmaq və cəmiyyətə mənalı töhfə vermək məqsədilə beynəlxalq, mədəniyyətlərarası və qlobal istiqamətlərin ali təhsilin məqsədinə, funksiyalarına və təşkilinə məqsədyönlü inteqrasiyası prosesi kimi baxılır. Beynəlmiləlləşmənin sosial, mədəni, siyasi, iqtisadi və elmi motivləri var, ancaq onun əsas məqsədi dünyada ali təhsil sistemlərinin harmonizasiyasıdır. Ali təhsilin beynəlmiləlləşməsini şərtləndirən amillərə, xüsusilə də, Qərbdə son onilliklərdə ali təhsildə iştirakın sürətli artımı, “qlobal bilik iqtisadiyyatı” – yəni, texnologiya və elm əsaslı beynəlxalq iqtisadi münasibətlərə keçid və bu baxımdan tədqiqatın önəminin artması, insan kapitalının formalaşmasında ali təhsilin roluna artan diqqət, akademik muxtariyyət və azadlıqların institutlaşması, universitetlərin qlobal sıralaması sistemlərinin formalaşması daxildir.
Daha sonra aparılan araşdırmalarla bağlı əldə olunan nəticələrlə bağlı müzakirələr aparıldı və suallara cavablar verildi. Tədbiri yekunlaşdıran İctimai Birliyin sədri Mütəllim Rəhimov bildirdi ki, layihə çərçivəsində hazırlanmış tədqiqat işi hər kəsə əlçatan olması üçün medaiada dərc etdiriləcək və paylaşılacaq.