Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidenti planetimizin qorunması üçün hamını qlobal həmrəyliyə çağırır

Azərbaycan Prezidenti planetimizin qorunması üçün hamını qlobal həmrəyliyə çağırır


Azərbaycan təkcə bölgəmiz üçün deyil, bütün planetimizin qorunması üçün məsuliyyət daşıyan ölkələrdən birinə çevrilib. Ənənəvi enerji tədarükçüsü olan əksər ölkələr kimi Azərbaycan da bu gün yaşıl enerjiyə keçid dövrünü yaşayır. Bu baxımdan ölkəmiz nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerji sahəsinə sərmayə yatıranlar üçün də kifayət qədər cəlbedicidir. Daha doğrusu, Azərbaycan yaşıl enerjiyə keçid prosesində lider ölkələrdən biri sayılır. Bu məqam ötən gün “Euronews” televiziyasında yayımlanan Prezident İlham Əliyevin müsahibəsində də xüsusi olaraq vurğulanıb.

Sözügedən müsahibə iyunun 21-də “Euronews” televiziyasında yayımlanan Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən hazırlanmış reportajda yer alıb. Bu sərgilər Azərbaycanın ənənəvi neft və qaz tədarükçüsü olan bir ölkə kimi əldə etdiyi nailiyyətlərlə bərabər, yaşıl gündəliyi nümayiş etdirən bir ölkə kimi də böyük potensiala malik olduğunu ortaya qoyur.

Dövlətimizin başçısı “Euronews”-a müsahibəsində qeyd etdi ki, Azərbaycanda yaşıl enerjiyə keçid üçün, bərpaolunan enerji sahəsinin inkişafı üçün yaxşı sərmayə mühiti var və ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Bu sahə eyni zamanda xarici sərmayədarların da diqqət mərkəzindədir. Prezident İlham Əliyev də müsahibəsində bu məqama toxunaraq vurğuladı ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün də cəlbedicidir. Bu sahənin liderlərindən sayılan “Masdar” şirkəti bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Həmçinin “ACWA Power”, BP və s. şirkətlər də bizim sərmayədarlarımız sırasındadır. Ümumiyyətlə, hazırda bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var.

Qeyd etməliyik ki, ənənəvi enerjidən əldə etdiyiyimiz gəlirlərin bərpaolunan enerjiyə yönəldilməsi hazırda ölkəmiz üçün əsas prioritetlərdən biridir. Prezident də müsahibəsində bunun bizim üzərimizə düşən önəmli öhdəlik olduğunu diqqətə çatdırdı: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir... Ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.

Müsahibədən də göründüyü kimi Prezident İlham Əliyev Azərbaycanın qısa müddət ərzində hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurlara imza atmağı bacaran bir ölkə kimi bərpaolunan enerjiyə keçid istiqamətində və iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində qlobal birliyi və həmrəyliyi yaratmağın vacib olduğunu diqqət mərkəzinə çıxarır. Bəli, artıq qlobal düşünmək vaxtıdır. Ayrı-ayrı ölkələr və şirkətlər təkcə öz mənfəətlərini düşünməməlidirlər. Bu mənada Prezident İlham Əliyevin “Euronews”-a müsahibəsi qlobal əməkdaşlığın önəmini ortaya qoyur. Azərbaycan Prezidenti planetimizin qorunması üçün hamını qlobal həmrəyliyə çağırır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş