Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polisə güllə atmaq dövlətçiliyimizə qarşı çıxmaq deməkdir

Polisə güllə atmaq dövlətçiliyimizə qarşı çıxmaq deməkdir
da

"Bu gün Azərbvaycan regionda və dünyada ən təhlükəsiz, sabit ölkələrdən biri sayılır. Qonşu ölkələrlə müqayisədə Azərbaycanın “sabitlik adası” adını qazanması heç də təsadüfi deyil. Bu sabitliyin əldə edilməsində aparıcı funksiyalardan biri də məhz Azərbaycan polisinin üzərinə düşür. İstər antiterror tədbirlərində, istərsə də mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təşkilində Azərbaycan polisinin rolu və peşəkar fəaliyyəti danılmazdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, Azərbaycan polisi ictimai asayişin və dövlətin təhlükəsizliyinin təmin olunması istiqamətində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir:

"Polislərimiz həmçinin müstəqilliyimizin ilk günlərindən torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə böyük vətənpərvərlik nümunəsi göstəriblər. 44 günlük Vətən müharibəsindən və lokal antiterror əməliyyatından sonrakı dövrdə də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə yüksək fədakarlıqla xidmət göstərir.

Ancaq əfsuslar olsun ki, bütün bunları görməzdən gələn və polisə qarşı məkrli qaralama kampaniyası aparan, polis orqanlarını nüfuzdan salmağa çalışan qüvvələr də var və onlar bu gün vətəndaşlarla polis arasında məqsədyönlü şəkildə etimadsızlıq mühiti və qarşıdurma yaratmaq üçün hər cürə çirkin vasitələrə əl atırlar. Ötən gün axtarışda olan cinayətkar tərəfindən 3 polis əməkdaşının qətlə yetirilməsi isə daxildə və xaricdə polisi hədəf seçən qüvvələrin daha da fəallaşmasına səbəb olub. Hər üç polisimiz vəzifə borclarını yerinə yetirərkən həlak olub. Ancaq mənəvi dəyərlərdən, insanlıqdan imtina etmiş bəzi şəxslər isə polislərimizi qətlə yetirən qatı cinayətkarın müdafiəçisi, vəkili kimi çıxış edirlər".

Komitə sədri deyib ki, bu şəxslər ölkədə sabitliyin qorunmasının vacibliyini düşünmək əvəzinə, cəmiyyətdə polisə qarşı mənfi münasibət formalaşdırmağa çalışırlar:

"Bu da məqsədyönlü planın bir tərkib hissəsidir. Onlar bilirlər ki, axtarışda olan cinayətkar tərəfindən 3 nəfər polis əməkdaşına atılan güllə eyni zamanda ictimai asayişin pozulmasına xidmət edir. Onlar sanki ölkədə ictimai təhlükəsizliyin zəifləməsini, cinayətkarlıq hallarının artmasını istəyirlər. Ona görə də polisin fəaliyyətinə dəstək olmaq əvəzinə, polisə qarşı inamsızlıq və etimadsızlıq ab-havası formalaşdırmağa çalışırlar. Belələri xüsusən də sosial şəbəkələrdə böyük canfəşanlıq göstərirlər. Lakin sevindirici haldır ki, polisin rolunu düzgün dəyərləndirən sağlam düşüncəli insanlarımız da az deyil. Onlar belələrinin cavabını layiqincə verir və bu gün sabitlik mühitində yaşamağımızda polislərin rolunun əvəzsiz olduğunu qeyd edirlər.

Ancaq onu da bilməliyik ki, sabitliyin qorunub saxlanması təkcə polislərimizdən yox, həm də bizim özümüzdən asılıdır. Ona görə də bu gün biz polisin qanuni tələblərinə tabe olmaqdan boyun qaçıranların, polisə güllə atanların “vəkil”liyini edənlərin zərərli təbliğatlarına “yox!” deməyi, onların dövlətçiliyə zidd mövqeyini ictimai qınaq hədəfinə çevirməyi bacarmalıyıq. Onlar bilməlidirlər ki, polisləri qətlə yetirmək qəhrəmanlıq yox, cinayətkarlıqdır. Polisə güllə atmaq dövlətçiliyimizə qarşı çıxmaq deməkdir".

Süleyman
Xəbəri paylaş