"Növbədənkənar parlament seçkiləri, Azərbaycan cəmiyyətinin sosial sifarişidir və konstitusiyaya, qanunvericiliyə uyğun şəkildə keçiriləcəkdir".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkilinin sözlərinə görə, 1993-cü ildən başlayan, tarixi təcrübə göstərir ki, bütün siyasi tədbirlər, istər prezident, istər parlament, yerli özünü idarəetmə orqanlarına seçkilər, istərsə referendumlar ancaq və ancaq Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, iqtisadi, sosial inkişafına, təhlükəsizliyinin, beynəlxalq nüfuzunun artmasına, ərazi bütövlüyünün bərpasına xidmət etmişdir:
"Hər şey təkamül yolu ilə, mərhələli şəkildə həyata keçirilməlidir. Bu baxımdan, yeni formalaşacaq parlamentin normal fəaliyyət göstərməsi üçün sınanmış ciddi nümunələr vardır. Hesab edirəm ki, yeni parlament sağlam parlamentarizm ənənələrindən yararlanaraq, Prezident İlham Əliyevin apardığı köklü islahatlara dəstək verəcək, ölkənin hərtərəfli inkişafında öz sözünü deyəcəkdir".
Süleyman