Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sponsor”u və “xaç ata”sı Əli Kərimlidən sifariş alan Cəmil Həsənli

“Sponsor”u və “xaç ata”sı Əli Kərimlidən sifariş alan Cəmil Həsənli


Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Prezident İlham Əliyev iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Belə bir qərar şübhəsiz ki, növbədənkənar seçkilər üçün real zəmin yarandığına görə qəbul edilib. Bildiyiniz kimi ölkəmizdə parlament seçkiləri bu ilin noyabr ayında keçirilməli idi. Ancaq həmin tarixdə Bakı qlobal əhəmiyyətli beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. Bunu nəzərə alaraq hakim partiyanın deputatları Prezidentdən parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunmasını xahiş edib. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən xahişin Ana Qanuna uyğun olduğu barədə qərar qəbul etdikdən sonra, Prezident İlham Əliyev parlament seçkilərini 1 sentyabra təyin etdi.

Beləliklə, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu gündən passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilərlər. Başqa sözlə desək, ölkəmiz bu gündən etibarən seçki atmosferinə daxil olur. Ancaq “Demokratik Qüvvələrin Milli Şurası” adlı mifik, formal qurumun sədri Cəmil Həsənli isə həmişəki ampluasındadır. O, Azərbaycan Milli Məclisinin buraxılması ilə bağlı qərarı və bu qərarın Konstitusiya Məhkəməsində təqdir edilməsini tənqid edərək qarşıdan gələn növbədənkənar seçkiləri “konstitusiyaya zidd və siyasi motivli” adlandırıb.

Cəmil Həsənlinin Konstitusiya Məhkəməsini hüquqi yox, siyasi qərar qəbul etməkdə ittiham etməsi onun ənənəvi inkarçılığından irəli gəlir. Məsələ burasındadır ki, seçkilərin vaxtının irəli çəkilməsi COP29-la bağlı deyil, hər hansı başqa bir səbəbdən zərurətə çevrilsəydi də belə, “Milli Şura” sədri yenə də eyni hikkə və eyni siyasi ehtirasla inkarçı mövqedən çıxış edəcək və növbədənkənar seçkilərin Konstitusiyaya zidd olduğunu iddia edəcəkdi. Çünki ucdantutma inkarçılıq artıq onun xarakterinə, həyat tərzinə çevrilib. Ona görə də Cəmil Həsənlinin Konstitusiya Məhkəməsini hüquqi yox, siyasi qərar qəbul etməkdə ittiham etməsinin özü də siyasi yanaşmadır.

“Sponsor”u və “xaç ata”sı Əli Kərimlidən sifariş alan Cəmil Həsənli Konstitusiya Məhkəməsini hüquqi yox, siyasi qərar qəbul etməkdə suçlamaqla hüquqi yanaşma yox, siyasi qərəzlilik nümayiş etdirir. Səbəb isə aydındır. Nə AXCP, nədəki dırnaqarası “Milli Şura” 30 illik müxalifətçilik “staj”ına baxmayaraq həmişə olduğu kimi bu seçkilərə də hazır deyil. Ona görə də cəmiyyət daxilində heç bir elektoral bazası olmayan bu marginal qüvvələr üçün ən optimal yol köhnə klişeləri işə salmaq, növbədənkənar parlament seçkiləri ilə bağlı qərarı “hüquqa zidd”, “qeyri-legitim”, “siyasi qərar” kimi təqdim edib ictimai rəydə çaşqınlıq yaratmaqdır.

Ancaq bu saxtakarlardan soruşsaq ki, bəs, sizin dəstəklədiyiniz ermənipərəst Fransada parlamentin buraxılması və iyunun 30-na növbədənkənar seçkilərin təyin edilməsinə münasibətiniz necədir, o zaman bizim bu qeyri-səmimi “demokrat”larımız ikili standartlardan çıxış edərək, Fransada növbədənkənar parlament seçkilərinə gedilməsini normal hal kimi təqdim etməyə çalışacaqlar. Çünki bunlar hər bir hadisəyə öz siyasi maraqlarından yanaşmağa, qiymət verməyə vərdiş ediblər. Ona görə də Cəmil Həsənlinin öz “ağa”larının diktəsi ilə sentyabrın 1-nə təyin edilən növbədənkənar parlament seçkilərini hədəfə alması bizi əsla təəccübləndirməməlidir. Onun bu qərarı “siyasi qərar” adlandırması isə əsl siyasi korazehinlikdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş