Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Arzuların çin olsun - Bayram Məmmədov yazır

Arzuların çin olsun - Bayram Məmmədov yazır


Yaşanılmış aylar-illər tarixdi. Bu tarixdə qürur da var, kövrəklik də, təəssüf də, şükranlıq da. İlləri bunlar, bir də insanın əməlləri, gördüyü işlər ömürləşdirir. Ömrün necə yaşanılması illərdən aldıqlarındadı...

İnsan təbiətin bir hissəsidi. Onun xarakterini də təbiətlə ünsiyyət formalaşdırır. Hərdən mənə elə gəlir ki, göy üzünün qaralmağını, payızda çölün-düzün saralmağını, yazda dərələrin səbrinin daralmağını duyanlar təbiəti sevir. Bu sevgi təbiətlə gözəl ünsiyyət də yaradır, təbiəti ömrünə köçürənlərin xarakterinə də hopur. İnsanla təbiətin eyniləşməsi biçimində oxşarlığına necə heyrətlənməyəsən! Mənə bu düşüncələri yaşadan el oğlumuzun - eloğlumuzun xarakterində də belə oxşarlıq, müəyyən məqamlarda eynilik də görmüşəm. Behbudu deyirəm, Emiran oğlu Behbudu, Zəngilanı, Zəngilanın timsalında Azərbaycanı ömrünün qibləsi bilən Behbudu...

Emiran kişi meşəbəyi idi. Övladları uşaqlığından meşələrdə, meşəliklərdə, meşə ətəklərində duruluq görmüşdü, saflıq görmüşdü, təbiətin səs möcüzələri ilə gecələrini heyranlıqla səhər eləmisdi. Ona görə uşaqlar açılan səhərlərin dan yerinin işığını təkcə gözlərinə deyil, həm də könüllərinə köçürürdü. Yeddi uşaq belə böyüyürdü, atalarının şükranlığını dua bilirdi.

1949-cu il iyulun 1-də Zəngilanın Babaylı kəndində dünyaya göz açan Behbud 1964-cü ilə kimi aylarını beləcə il eləyib, illərini ömür. Ailə 1956-cı ildə dədə-baba kəndlərinə - Sobuya, sonra Qaradərəyə köçüb. Behbud Emiran oğlu Babaylı kəndindən böyük dünyaya aparan yollara da bu duyumla çıxıb. O da gəncliyinin ilk çağlarını təbiətin könlünə köçürdüyü gözəlliklərin nostalji duyğuları ilə yaşayıb; Zəngilandan uzaqda da Zəngilanı könlündə yaşadıb.

1964-cü ildə Çöpədərə 7 illik məktəbini bitirən Behbud əmisi Məmmədin (el arasında ona Qara Mamed deyirdilər) məsləhəti ilə Bakıya gəlib, əmisinin dediyi kimi, "Bir işin qulpundan tutmağa", "Nə olur-olsun" adına gəlməmişdi, məsləhət görülən peşəni öyrənməyə gəlmişdi. Çilingər olacaqdı Behbud. Böyük şəhərin gənc çilingəri əmi adına başucalığı gətirəcəkdi. "Sənə söz verirən, əmi..." demişdi uğura çıxmamışdan əvvəl...

Böyük şəhərin böyük heyrətini gördü, bu möcüzə heyrətin hüdudlarının o üzündə təhsil vardı, təhsildən sonra əmi öyüdünün gerçəkləşdirilməsi - "Harda olursan ol, harda işləyirsən işlə, halallığını qoru. Nəsil adına kölgə salma. İşlə, dürüst yaşa. Əmim deyərdi ki, yaşanılan illərin hamısı ömür olmur, elə yaşa ki, illərini ömür edə biləsən..." Behbud Bakıda 8 saylı texniki peşə məktəbinə daxil oldu. Günü ay, ayları il etmək üçün yox, ömrün sabahlarını duruluqla yaşamaq üçün, cəmiyyətdə "Mən də varam" deyə bilmək üçün, insanlarla səmimiyyətə söykənmə münasibətləri üçün...

Behbud sanitariya çilingəri peşəsini öyrəndi. Deyiləni dinləyirdi, başa düşmədiklərini soruşurdu. 1966-cı il idi. Təyinatla 11 saylı tikinti idarəsinə göndərildi. İlk iş gününü indi də unutmur: "Mənə elə gəlirdi ki, tapşırılan işi yerinə yetirdiyim anlarda hamı mənə baxır. Bir az əlim də sözümə baxmadı. Müəllimimin məsləhətlərini xatırladım: Özünə inan, özünə inanmasan, işin öhdəsindən gələ bilməyəcəksən. İş gününün sonunda məni təriflədilər. Ustanın dediklərini də eşitdim: Behbud yaxşı çilingər olacaq.

İlk günlər siyirmənin hansı tərəfə açılıb-bağlandığını bilməyən Behbud qısa müddətdə çilingər açarını əsl peşəkarlıqla işlədirdi...

1968-ci il aprelin 26-na kimi burda çilingər işlədi. Əli işə yatırdı, həvəsi, marağı işin mahiyyətini asanlaşdırırdı. Ona elə gəlirdi ki, çilingər açarı ilə çox müşkülləri o da çözə biləcək...

Bakı keçmiş SSRİ-nin gözəl şəhərlərindən biri kimi böyüyürdü, genişlənirdi.

1967-ci il noyabrın 6-da Bakıda metro açılmışdı. Yenilik idi. O vaxtlar az-az şəhərlərdə metro istifadəyə verilmişdi. Sənayedə hər yenilik ilk vaxtlar kadr çatışmazlığı yaradır - Bakı Metropolitenində ixtisaslı mütəxəssislərə böyük ehtiyac vardı. Maraq Behbudu metropolitenə gətirmişdi. Məlikməmmədin nağıl dünyasının bir hissəsini görəcəkdi, bu dünyanın gerçəklikləri ilə işləyəcəkdi, salam-əleyklə baslayan münasibətlər sosiallaşacaqdı, xətir-hörmət olacaqdı, nağıl dünyasının qaranlıqlarını işıqlandıranların sırasında Behbud Emiran oğlu da olacaqdı...

1968-ci il aprelin 26-da metropolitenin "Nərimanov" deposunda qazanxanada çilingər vəzifəsinə təyin olundu.

Hər yeni təyinat yeni bacarıqlar deməkdir, bu bacarıqlar, qabiliyyətlər müxtəlif vasitələrlə aşılanır. İşçi (kadr) bu təyinatla digər işçilərdən (kadrlardan) üstün olduğunu təsdiqləyir. Bacarıq, səriştə həm də konkret situasiyada təhlil qabiliyyəti deməkdir. İş prosesində belə məqamlar çox olur. Sınaq kimi deyil, mövcud problemin həllində yeni kadrın qabiliyyətindən, bacarığından da bəhrələnilir.



Sanitariya texnikası distansiyasının rəisi Salman Əliyev vaxtaşırı qazanxanaya gəlir, işin gedişi ilə tanış olurdu. Lazım gələndə məsləhətlər də verirdi. Behbudun işini də görürdü. Gənc çilingərin işini bəyənirdi, məqamında haqqında xoş sözlər də deyirdi...

Qazanxananın zirzəmisində isitmə sisteminə vurulan suyu yumşaldan kimyəvi qarışdırıcının nasosu xarab olmuşdu. Onu sahmana sala bilmirdilər. Dəvət olunan mütəxəssislər problemi aradan qaldıra bilməmişdilər. Behbud Behbudov problemi araşdırdı, müxtəlif səbəbləri götür-qoy etdi, güman etdiyi səbəbi aradan qaldırmağı qərara aldı. "Maşın da, qurğu da insan kimidi, nasazlığın səbəbini dəqiqləşdirməlisən. Belə nasazlıqla ilk dəfə rastlaşanda onun haqqında dürüst qərar qəbul etməlisən, işə ekspriment kimi deyil, düzəlməli vacib olan iş kimi yanaşmalısan..." Behbud həmişə belə deyirdi, belə işləyirdi. Problem həll olundu. Fəlsəfədə təsadüf-zərurət kateqoriyaları var və bunlar əksər hallarda gerçəklik kimi yaşanılır; Behbudu sanitariya texnikası distansiyasına dəvət etdilər. 1971-ci ilin sentyabr ayının 27-dən 1973-cü ilin aprel ayının 28-dək Elektromexanika xidmətində (EMX) elektrik çilingəri vəzifəsində işlədi. İşi bəyənilirdi, təqdir edilirdi...

Ali təhsil almaq istəyirdi. Təkcə ali təhsil xətrinə yox, gələcəkdə yaxşı mütəxəssis olmaq niyyəti vardı. O da bilirdi ki, ali təhsil bu gündən sabahlara aparan cığırdı. Mühəndis olmağa niyyətliydi. "Hər sahədə yeniliklər həmişə olur. Texnikada yeniliklər daha sürətlə baş verir. Elmi yenilikləri mənimsəməyənlər bu prosesdən uzaqda qalır. Mən işimin kamil mütəxəssisi olmaq istəyirəm. Ali təhsil alacam...", - dostlarına belə deyirdi. Fikrini idarənin rəhbərliyi də razılıqla qarşılamısdı. Harda oxumalı? -özünə verdiyi bu sualı özü cavablandırdı: Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun "İnşaat yol maşınları və avadanlıqları" ixtisasını seçdi. 1968-ci ildə institutun qiyabi şöbəsinə qəbul olundu və 1977-ci ildə mühəndis-mexanik ixtisası üzrə müvəffəqiyyətlə bitirdi.

1973-cü il mayın 10-dan 1975-ci il mayın 13-dək keçmiş Sovet Silahlı Qüvvələri tərkibində Leninqrad Hərbi Dairəsində raket hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra yenidən Bakı Metropolitendə əmək fəaliyyətini davam etdirib.

Ali təhsilin başa vuran kimi 1977-ci il martın 15-də EMX-nin İstehsalat-texniki şöbəsinin baş mühəndisi vəzifəsinə irəli çəkilib və bu vəzifədə 1987-ci il martın 8-dək işləyib. Bu vəzifədə işlədiyi 10 il ərzində həm də EMX Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

Gördüyü işləri özü də bəyənirdi, rəhbərlik də. Sanitariya texnikası distansiyasının rəisi Salman Əliyev deyirdi ki, yaxşı işçi sevən və sevdirən, dayanmaları vaxtında aradan qaldıran, təşəbbüs gözləməyən, təşəbbüskar olan işçiyə deyirlər. Behbud Behbudov belə işçi kimi tanınırdı. Tanınma böyük ehtiramlara əsaslanırdı...

1987-ci ilin avqust ayının 3-də yeni Ventilyator xidməti yaradıldı, yeni qruplar açıldı. Bu yenilik Behbudun da marağını çəkibmiş; həmin gün sanitariya texnikası distansiyasının Ventilyasiya qrupunun baş elektromexaniki vəzifəsinə təyin edildi. İşin gərginliyindən çəkinmədi, işini əvvəlki həvəslə davam etdirdi...

Baxımsızlıq ucbatından metropolitenin ventilyatorları pis vəziyyətdə idi, yararsız hala düşənlər də vardı. Bunlar isə yaxın gələcəkdə sərnişinlərin qarşılaşacağı faciələrə səbəb ola bilərdi: yerin altı, havasızlıq...

Behbud Behbudov mövcud vəziyyətin düzəldilməsi üçün bildiklərini də tətbiq edirdi, yeniliklər də düşünürdü. Bu istiqamətdə neçə-neçə səmərələşdirici təklif hazırlamışdı.

1989-cu ildə respublika ixtiraçıları və səmərələşdiricilərinin "Avadanlıqların düzgün istismarı, ehtiyat hissələrinə qənaət və əməyin təhlükəsizliyinin təmin edilməsi" devizi ilə keçirilən baxış-müsabiqəsində münsiflər heyəti Behbud Behbudovun ventilyasiya üzrə 3 təklifini yüksək qiymətləndirdi. 1989-cu ildə ventilyasiya üzrə səmərəli fəaliyyətinə görə üzərində keçmiş SSRİ ollar naziri N.Konaryevin imzası olan qol saatı ilə mükfatlandırıldı. Həmin nazirliyin "Səmərələdirici və ixtiraçı əlaçısı" döş nişanı ilə təltif edildi. Bu, yaxşı işçiyə verilən qiymət kimi tarixləşdi. İllər sonra da böyük könül xoşluğu ilə xatırlanır...

"Mən özümün özümə hesabatım kimi işləyirəm. Sevərək işləməyə başlamışam, sevərək işləyirəm. Arzulayanları da sevərək öyrətmişəm. Öyrətdiklərmin yaxşı işi mənə böyük könül xoşluğu verir...", - eşidənlər yaşın bu çağında bu düşüncələri ağsaqqal deyimi bilir...

Behbud Behbudov Bakı Metropoliteninin veteranlarındandır. Neçə on illərlə bu sahədə işləyib, bu sahənin hər uğurunda zərrə misallı da olsa əməyinə görə şükranlıq yaşayıb.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev demişdi: "Bakı Metropoliteni Azərbaycan xalqının çoxəsrlik tarixində nadir bir hadisədir. Keçmiş zamanlarda heç kəs təsəvvür edə bilməzdi ki, ümumiyyətlə, yeraltı dəmir yolu olacaqdır, Bakıda belə bir dəmir yolunu yaratmaq mümkün olacaq və Azərbaycan xalqı belə bir böyük sərvətin sahibi olacaq". Bu fikirlər zamanında da, indi də digərləri kimi Behbud Behbudovu da qürurlandırır.

Behbud Behbudov bu müəssisədə uzun müddət işləyib, məsuliyyətlə işləyib, nümunə olmaqla işləyib, işi haqqında həmişə gözəl fikirlər deyilib. Əməyini dövlət də yüksək dəyərləndirib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 5 noyabr tarixli 2478 nömrəli sərəncamı ilə Bakı Metropoliteninin 40 illiyi münasibətilə metronun tikintisi və istismarında səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

2015-ci il noyabrın 16-dan təqaüddə olan əmək veteranı Behbud Behbudov təkcə işi ilə deyil, cəmiyyətdə fəal mövqeyi ilə də fərqlənib. Həmişə sözünün yerini bilib, sözünü yerində deyib, sözünü eşidənlərə deyib, gərəkli söz deyib. Hisslərini gizlədən, qapalı illər yaşayan insan deyil Behbud Emiran oğlu. Ağsaqqallıq kəlamla da bəlli olur, işlə də. Behbud kişi deyir ki, həyatda artıq adam olmamaq hər bir insanın özndən asılıdır. Səhvi düzəltmək olar, kiminsə qəlbinə dəyibsənsə, üzrxahlıq edərsən, günahın bağışlanar, vay o gündən ki, xalqın, dövlətin adına günah edəsən, səhv edəsən...

Behbud Behbudov vətənsevər insandır. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə 1974-cü ildə Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yaradılan Bəsitcay Dövlət Təbiət Qoruğundan 1979-cu ildə 100 ədəd çinar tingi gətirib, Nərimanov deposunun ərazisində basdırıb. Ona qulluq edib. İndi EMX-nin inzibati binasının ətrafında və təmir qrupunun həyətində gözoxşayan çinar ağacları ucalır. Az-az adam bilir ki, bu ağacları 45 il əvvəl Behbud Behbudov basdırıb...

Bilgəhdə bağ evi var. Gözəl ağaclar becərib. Niyyəti var ki, bu ağacların tinglərini Zəngilanda dədə-baba yurdunda Sobuda, doğulduğu Babaylıda, ailə üzvlərinin uzun illər yaşadığı Qaradərədə əksin. Nəvələri Səmanın, Ləmanın, Emirin o ağacların kölgəliyində xoş anlar yaşadığını görməyi də arzulayır. Bu arzu el-obaya sevginin arzusudu, nəvələrə sevginin arzusudu, ağsaqqallıq çağında o kəndlərə könül dolusu baxmağın arzusudu. Arzularına çatasan, Behbud Emiran oğlu!..

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Xəbəri paylaş