Ötən gün Tarif Şurasının qərarı ilə bir sıra qiymətlərin tənzimlənməsi ictimai nəqliyyata da öz təsirini göstərib. Belə ki, avtobus və metroda gediş haqqı 10 qəpik artırılaraq 50 qəpik həddində müəyyənləşib.
Newscenter.az-ın xəbərinə görə, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, bu gündən tətbiq edilən hər iki qiymət artımını, həm nəqliyyatda gediş haqqının, həm də yanacağın qiymətinın düzgün olmayan yanaşma hesab edir. Onun sözlərinə görə, ictimai nəqliyyatda gediş haqqının artırılması əhalinin ictimai nəqliyyata marağının artırılması işinə zidd bir addımdır:
"Bu, inasnların nəqliyyat xərcini artırdığından fərdi avtomobillərdən istifadəyə meylləri tətikləyə bilər. Digər tərəfdən, ictimai nəqliyyatda xidmət keyyifiyyətində heç bir yaxşılaşma olmadığı, hətta bunun əksi müşahidə edildiyi bir şəraitdə belə artımın iqtisadi və məntiqi əsası da yoxdur. Əvvəllər dəfələrlə qeyd etdiyim ki, ictimai nəqliyyatın iqtisadi problemləri heç bir halda gediş haqları hesabına həll edilə bilməz, bu, mümkün deyil. Bu problem yalnız səmərəli dövlət dəstəyi ilə, subsidiya və ya dotasiya yolu ilə həll edilə bilər. İctimai nəqliyyatın bundan sonrakı inkişafı şəbəkələşməsi, çeşidin artması, yəni yeni metro stansiyalarının tikintisi, avtobusların sayının və marşrut şəbəkəsinin artırılması, yenilənməsi və s. də yalnız dövlət sərmayəsi hesabına uğurlu ola bilər".
Ekspert deyib ki, bu, 2018-ci ildən bəri gediş haqqının 3-cü artımıdır:
"Əvvəlki 2 artımda da xüsusi vurğulanırdı ki, artımların əsas hədəfi sahənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq, dayanıqlı inkişafı təmin etmək və s.-dir. Amma bunların heç biri müşahidə edilmir. Bu da yanaşmanın uğursuzluğu deməkdir".
Anar Əliyev