"Türk Dünyası liderlərinin Şuşada keçiriləcək qeyri-rəsmi toplantısı olduqca önəmlidir. Dövlət başçısı cənab İlham Əliyev də Prezident seçkilərindən sonra özünün andiçmə mərasimində gələcək dövr üçün ölkəmizin prioritetləri haqqında danışarkən TDT çərçivəsində münasibətlərin inkişaf etdirilməsi və ümumiyyətlə bu təşkilatın gücləndirilməsinin ölkəmiz üçün prioritet olduğunu bəyan etmişdi".
Newscenter.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə Şuşada TDT-nin qeyri-rəsmi zirvəsinin keçiriləcəyindən danışarkən səsləndirib. Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi və suverenliyimizin bərpası sözsüz ki, Cənubi Qafqazda, eləcə də Mərkəsi Asiyada və ətraf bölgənin geosiyasi konfiqurasiyasında ciddi dəyişikliklərə səbəb olub:
"Hazırda ətrafımızda çox ciddi kataklizmlər baş verir, müharibələr gedir, Qərbin ayrı-ayrı dövlətlərinin, qurumlarının, eləcə də Rusiya və Çinin iştiakı ilə dünyanın müxtəlif yerlərində bu coğrafiyalar uğrunda çox ciddi şəkildə mübarizə getdiyinə şahidlik edirik.
Belə bir şəraitdə bütün xarici çağırışlar göstərir ki, baş verən münaqişələr və problemər fonunda daha sıx inteqrasiya olmaq, daha sıx şəkildə birləşmək və birgə hədəflər uğrunda fəaliyyət göstərmək Türk Dünyası dövlətlərinin hər birinin maraqlarına cavab verir".
Yusif Bağırzadə deyib ki, bir neçə gündən sonra keçiriləcək Zirvə görüşünü ayrı-ayrı güc mərkəzlərinə verilmiş bir mesaj olaraq qəbul etmək mümkündür:
"Birincisi bu, türk dövlətlərinin vahid ailə olaraq gücünün göstəricisidir və ŞKTC-nin də Zirvə Toplantısına dəvət olunması TDT-nin bütün dünyada yaşayan Türklərin hüquqları ilə bağlı vahid mövqedən çıxış etdiyinin mesajıdır".
Politoloq hesab edir ki, görüşün məhz Şuşada keçirilməsi isə Ermənistana və onun havadarlarına verilmiş mesajdır:
"Bu mesaj özündə hələ də Qarabağla bağlı manipulyasiya edən qüvvələrə Qarabağın Azərbaycanın olduğunun, bir türk yurdu olduğunun mesajının çatdırımasını və bu məsələdə bütün dünya türklərinin tək yumruq olduğunu ehtiva edir".
Süleyman