"Prezident İlham Əliyevin ötən gün Kanadanın ölkəmizə yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən, onunla söhbət əsnasında səsləndirdiyi fikirlər əslində həm Kanada hökumətinə, həm də Ermənistana havadarlıq etmiş və ya havadarlıq etməkdə davam edən ölkələrə ünvanlanmış mesaj kimi qəbul edilməlidir".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Kanada Azərbaycanın müstəqilliyini ilk tanıyan (1991-ci il, 25 dekabr) ölkələrdən biri hesab olunur:
"Bu ölkə 44 günlük Vətən müharibəsinə qədər ümumən neytral mövqedən çıxış edir və Azərbaycanla münasibətlərdə kifayət qədər adekvat davranırdı. Lakin çox təəssüf ki, müharibə başlayandan sonra Fransa ilə bərabər Kanada da açıq-aşkar ermənipərəst mövqedən çıxış etməyə başladı.
Belə ki, Kanada işğalçı və terrorçu Ermənistana dəstək ifadə edən addım ataraq Azərbaycanın müharibə zamanı istifadə etdiyi “Bayraktar” PUA-ları üçün bəzi detalları Türkiyəyə satmaqdan imtina edən bir ölkə kimi yadımızda qalıb. Eləcə də postmüharibə dönəmində də Kanadanın ölkəmizə və Türkiyəyə qarşı zaman-zaman qərəzli münasibət sərgilədiyini müşahidə etmişik. Kanadanın Azərbaycana qarşı sanksiyaların tətbiq olunması çağırışı ilə çıxış etməsi və hətta Ermənistandakı Avropa İttifaqının müşahidəçi missiyasına qoşulması da bu ölkənin Fransanın anti-Azərbaycan avantüralarının girovuna çevrildiyini göstərir".
Komitə sədri deyib ki, lakin Azərbaycanın prinsipial və qətiyyətli mövqeyi Fransa ilə yanaşı Kanadanın da ermənipərəst siyasətini neytrallaşdırmağa imkan yaratdı:
"Bunun nəticəsidir ki, artıq Kanada da Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh müqaviləsini imzalanmasının tərəfdarı kimi çıxış edir və bunun regionda əməkdaşlıq üçün yeni imkanlar yaradacağına inanır, eyni zamanda həm Azərbaycan, həm də Ermənistan ilə əlaqələrin inkişaf etdirilməsinə can atır. Bu da onu göstərir ki, Kanada artıq Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul edir və Bakı ilə əməkdaşlığın genişləndirilməsinə üstünlük verir. Ancaq əksər ölkələr kimi bu gün Kanadanın da Azərbaycanın ərazi bütövlüyünə sadiqlik nümayiş etdirməsi əslində gecikmiş addımdır. Bu sadiqliyin bu gün yox, 30 ilə yaxın davam edən işğal dönəmində nümayiş etdirilməsinə ciddi ehtiyac vardı.
Dövlətimizin başçısı da Kanadanın ölkəmizdəki yeni səfiri ilə söhbətində bu məqama xüsusi olaraq toxunaraq bildirdi ki, işğal dönəmində heç kim Ermənistana irad bildirmirdi. Ermənistan həmin dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmirdi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar. Heç kim onlara zərrə qədər də irad tutmurdu. Münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyunə sadiqlik bəyan etmirdilər. Prezident İlham Əliyev vurğuladı ki, indi - biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi".
Əlisahib Hüseynovun sözlərinə görə, Azərbaycan Prezidenti həmçinin qeyd etdi ki, keçmiş Minsk Qrupunun üzvləri münaqişənin həllinə nail ola bilmədilər, daha doğrusu, olmaq istəmədilər:
"Onlar Ermənistanın həyata keçirdiyi işğal siyasətinin müxtəlif səbəblər üzündən həmişəlik davam etməsini istəyirdi. Həmsədrlərin havadarlığına arxalanan təcavüzkar Ermənistan da torpaqlarımızı həmişəlik olaraq işğal altında saxlamağa çalışırdı. Ancaq Azərbaycan beynəlxalq münasibətlərdə hökm sürən bütün ədalətsizliklərə və Ermənistanın güclü havadarlarının mövcudluğuna baxmayaraq bölgədəki “status kvo”nu hərbi yolla dəyişməyi, öz torpaqlarını işğaldan azad etməyi, beynəlxalq hüququ və tarixi ədaləti bərpa etməyi bacardı. Azərbaycan bunu beynəlxalq hüquqa əsaslanaraq təmin etdi.
Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi istiqamətində rəsmi Bakının göstərdiyi səylər də bilavasitə beynəlxalq hüquqa əsaslanır. Bu, Azərbaycan üçün prioritet sayılır. Ərazilərini işğaldan azad etmiş dövlətimizin Ermənistandan öncə sülh təklifləri ilə çıxış etməsi də məhz bundan qaynaqlanır. Dövlətimizin başçısı bildirdi ki, hazırda biz ikitərəfli danışıqlarda daha yaxşı nəticələr görürük. Bunun nəticəsidir ki, indi heç bir vasitəçi tərəfindən prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində də razılıqlara gələ bilirik. Düzdür, hələ yekun sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyası istiqamətində müsbət nəticələrə nail olunub. Bununla yanaşı Azərbaycan Prezidenti onu da qeyd etdi ki, o, belə hesab etmir ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bizim hansısa bir ölkə ilə ikitərəfli münasibətlərimiz üçün mühüm rol oynaya bilər".
Komitə sədri diqqətə çatdırıb ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün həlledici amil ola bilməz:
"Bu, həmçinin Kanadaya da aiddir. Yəni ki, Azərbaycan-Kanada əlaqələrinin inkişafının Ermənistanla sülhə heç bir aidiyyatı yoxdur. Nəzərə alsaq ki, Azərbaycan ilə Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq haqqında bəyannamələrin bir çoxu məhz torpaqlarımızın işğalı zamanı imzalanıb, deməli, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin olmadığı hazırkı məqamda da istənilən ölkə ilə, o cümlədən Kanada ilə ikitərəfli əlaqələri inkişaf etdirmək, dərinləşdirmək mümkündür. Başqa sözlə desək, heç bir ölkə özünü ermənipərəst siyasətin girovuna çevirməməlidir. Bu, Azərbaycan Prezidentinin ən önəmli mesajlarından biridir.
Dövlətimizin başçısı kanadalı səfir Kevin Hamiltonla söhbət zamanı onu da bəyan etdi ki, sülh müqaviləsinin mətni üzərində işi bir neçə aya yekunlaşdırmaq, prinsipcə, mümkündür. Lakin bu, Ermənistan tərəfinin öz konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə baş tutacaq. Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Ermənistan gerçəkdən də Cənubi Qafqazda qalıcı sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına mütləq son qoymalıdır. Azərbaycan bununla bağlı dəfələrlə rəsmi səviyyədə xəbərdarlıqlar edib. Milli təhlükəsizliyimizə və ərazi bütövlüyümüzə birbaşa təhdidlər yaradan Ermənistanın Müstəqillik Aktında və konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsini tələb etməyə Azərbaycanın legitim hüququ var. Bu, rəsmi Bakının birmənalı mövqeyidir və Prezident İlham Əliyev kanadalı diplomatla söhbəti zamanı bir daha bu mövqeyimizi açıq surətdə bəyan etdi.
Eyni zamanda qayıdış hüququ ilə əlaqədar səfirin şərhinə cavabında Azərbaycan Prezidenti bildirdi ki, qayıdış hüququ təkcə ermənilər üçün yox, qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan icmasının nümayəndələrinə şamil edilməlidir. Bu da Azərbaycanın əsas şərtlərindən biridir. Lokal antiterror əməliyyatından sonra Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdış hüququ müstəsna hal kimi götürülə bilməz. Bu gün ermənilərin təəssübkeşi kimi çıxış edənlər, müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını da nəzərə almalıdırlar. Yalnız bu halda əsl ədalətdən danışmaq mümkündür. Beləliklə, Azərbaycan Prezidenti beynəlxalq birliyi Qərbi Azərbaycan icmasına qarşı ədalətli mövqe tutmağa çağırdı. Burada hər hansı ikili yanaşmalardan söhbət belə gedə bilməz. Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi rəsmi Bakı üçün prioritet məsələlərdən biridir".
Süleyman