Əziz Şuşamız növbəti dəfə beynəlxalq əhəmiyyətli mötəbər bir tədbirə ev sahibliyi edir, Türk dünyasının liderlərini bir araya gətirir. Bu gün mədəniyyət paytaxtımız Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Görüşün təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. O, bu sammitin anonsunu hələ bir ay öncə, iyunun 6-da Bakıda TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən vermişdi. Dövlətimizin başçısı həmin görüş zamanı bildirmişdi ki, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü onun təşəbbüsü ilə keçiriləcək.
Azərbaycan Prezidenti Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin vacibliyi barədə danışarkən qeyd etmişdi ki, TDT-nin ildə bir dəfə Zirvə görüşünün keçirilməsi yetərli deyil: “Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək”. Dövlətimizin başçısı haqlıdır, qlobal geosiyasi təlatümlərin yaşandığı, dünya birliyinin gündəminin sürətlə dəyişdiyi bir dönəmdə türk dövlətlərinin başçılarının tez-tez bir araya gəlmələrinə, Türk dünyasının inteqrasiya prosesinin gücləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməsinə həqiqətən də ciddi ehtiyac var.
Bu baxımdan Şuşa Zirvəsində alınacaq qərarlar bütün Türk dünyasının gələcəyi üçün həyati əhəmiyyətə malik olacaq. İki gün davam edəcək sammitdə liderlər regionda və dünyada cərəyan edən ən son geosiyasi proseslərlə yanaşı, TDT-yə üzv ölkələrin nəqliyyat əlaqələrinin gücləndirilməsi, habelə iqlim dəyişikliyi nəticəsində yaranan fəlakətlərə qarşı kollektiv cavab tədbirlərinin görülməsi məsələlərini müzakirə edəcək, birgə “yol xəritəsi”ni müəyyən edəcəklər. Çünki bu gün ilk növbədə nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi məsələsi Türk dünyasının birləşməsi prosesi ilə bilavasitə sıx bağlıdır. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr üçün mühüm amilə çevrilir. Eyni zamanda, Orta Dəhlizin potensialına dünyada da böyük ehtiyac var. Türk dövlətləri bu dəhlizin, bu nəqliyyat qovşağının imkanlarından maksimum dərəcədə səmərəli istifadə etmək üçün səylərini birləşdirməlidirlər.
Həmçinin iqlim dəyişiklikləri ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi də bu gün Azərbaycanla bərabər, Türk dünyasının bütün ölkələrinin gündəliyində duran əsas vəzifələrdən biridir. Azərbaycanın isə COP29 konfransına ev sahibliyi edəcəyi bir ərəfədə qardaş ölkələrlə iqlim məsələlərini birlikdə müzakirə etməsi bütün TDT üzvlərinə böyük fayda verə bilər. Ona görə də Şuşa Zirvəsinin gündəliyində dayanan məsələlər təkcə Azərbaycan üçün yox, bütün Türk dünyası üçün aktualdır. Belə toplantılar bir qayda Türk dünyasının birliyini daha da gücləndirir.
Zirvə görüşünün Şuşada keçirilməsi ilk növbədə böyük rəmzi məna, mənəvi anlam daşıyır. 4 ilə yaxındır ki, işğaldan azad edilən və bu gün qızğın quruculuq-bərpa işlərinin aparıldığı bu qədim şəhərimizin Türk dünyasının liderlərini bir araya gətirməsi həqiqətən də möhtəşəm tarixi hadisədir. Şuşa Zirvəsi Türk dünyasının inteqrasiya prosesini daha da sürətləndirəcək. Prezident İlham Əliyevin builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır və birliyimizin daha da güclənməsi üçün Türk Dövlətləri Təşkilatının xətti ilə aparılan işlərə dəstək vermək hər birimizin borcudur. Yeri gəlmişkən, Şuşa Zirvəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar da iştirak edəcək. Bu da həm TDT üçün, həm də Quzey Kıbrısın özü üçün yeni bir səhifənin açılması anlamına gəlir. Şuşa Zirvəsinə uğurlar diləyirik!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri