ABŞ-la yanaşı Avropa ölkələri də Yaponiya hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə başlayıblar. Bu ay Almaniya, Fransa və İspaniya hərbi təyyarələri Yaponiyada birgə təlimlərdə iştirak edəcəklər. Bu Avropa ölkələrinin Yaponiya ilə birgə Sakit okean bölgəsində ilk ortaq hərbi təlimləridir. Bundan başqa Avropa İttifaqı Yaponiya və Cənubi Koreya ilə birgə hərbi texnikanın istehsalına yaşıl işıq yandırıb. Brüsselin mövqeyi belədir ki, Asiyadakı tərəfdaşlarıyla hərbi əməkdaşlığı gücləndirilməsi bölgədə böhranların idarə olunmasına kömək edəcək.
Avropanın 30 hərbi təyyarəsinin iyulun 19-20-də Yaponiya səmasında həyata keçiricəkləri birgə hərbi təlimlər “Sakit okean səması” adlanacaq. Hərbi təlimlərə daha sonra ABŞ, Avstraliya və Hindistan da qoşulacaq. Filippinin də birgə hərbi təlimlərdə iştirak istisna deyil. Yaponiyanın müdafiə naziri Minoru Kihara gələcək hərbi təlimləri yüksək qiymətləndirərək, bunun Sakit okean hava məkanında azad uçuşların təminatı olacağını bildirib.
Pekin fərqli düşünür, Avropa İttifaqı ölkələrinin Yaponiya və Cənubi Koreya artan hərbi əməkdaşlığını və birgə hərbi təlimlərini bölgədə gərginliyi artıracağı qənaətindədir. Pekin Yaponiyanın son illərdə hərbi büdcəsini artırmasından da narahatdır. Yaponiya müasir qırıcı təyyarələrin istehsalıyla bağlı Böyük Britaniya və İtaliya ilə sazişlər imzalayıb. Bundan başqa Yaponiya ABŞ-la birgə hərbi texnika istehsalını genişləndirəcək.
Yaponiyanın qorxusu Çinin artan hərbi gücü, Tayvan ətrafındakı vəziyyət və Şimali Koreyanın nüvə proqramıyla bağlıdır. Çin Tayvanı ram etmək planından imtina etməyib. Tayvan adası ətrafında Çinin hərbi təyyarələri, hərbi gəmiləri növbə tutmaqda davam edirlər. Tokio bu prosesi diqqətlə izləyir.
Bu arada, böyük dövlətlərin okeanlarda rəqabəti artıb, ölkələr ir-birlərinə qarşı müxtəlif kəşfiyyat məlumatları toplayırlar. Vaşinqton Çinin okeanlarda və dənizlərdə artan casus fəaliyyətinin qarşısını almağa çalışır. Vaşinqton hesab edir ki, Çin dənizaltı rabitə kabelləri quraşdırır. Ümumiyyətlə aparılan araşdırmalara görə, dünya üzrə 574 sualtı kabel mövcuddur. Bunların bir hissəsi fiber optik rabitə sistemləridir.
Elxan Şahinoğlu, politoloq