Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran xalqı Məsud yaşayacaq

İran xalqı Məsud yaşayacaq


İranda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə Məsud Pezeşkianı və İran xalqını təbrik edir, yeni dövlət başçısı vəzifəsində ona uğurlar arzulayıram.
Sözsüz ki, cənab Məsud Pezeşkian islahatçı və müasir dünyagörüşə malik, yenilikçi və iradəli siyasi lider olduğundan, xalqın istək və arzularını ifadə etdiyindən, eləcə də mühafizəkarlıqdan uzaq liberal siyasi obrazı və baxışları ilə fərqləndiyindən seçicilərin böyük əksəriyyəti onu dəstəklədi.

Onun qələbə qazanmasında İranda yaşayan 30 milyondan artıq azərbaycanlının etimadı isə xüsusi rol oynadı və demək olar ki, 17 milyon səsin mütləq əksəriyyəti azərbaycanlılara məxsusdur.

Qeyd edək ki, seçkilər təşviqatı dövründə də İranda yaşayan türklər ona etibar etdiyini gizlətmirdi və azərbaycanlı türklər Pezeçkianı özlərinin layiqli namizədi olduğunu deyirdilər. O, Azərbaycanda, Məhabadda dünyaya gəlmiş şəxs kimi evdə uşaqlarına türk dilində danışmağı öyrətdiyini, Türk olması ilə fəxr etdiyini bəyan etməklə ölkədəki böyük bir elektoratı üzərində cəmləyə bildi və bu faktor yekunda öz nəticəsini göstərdi.
Cənab Pezeşkianı doqquzuncu prezidentdən daha çox, islahatçı, yeni siyasi ruh və təfəkkürə malik olması, habelə Avropa ilə inteqrasiyaya can atması ilə diqqəti cəlb edir və onun bu siyasi tezis və baxışları yenilik istəyən İran xalqının istəkləri ilə üst-üstə düşür.

Onun qətiyyətli islahatlar proqramı həyata keçirəcəyinə ümidlər böyükdür və bunun üçün siyasi təcrübəsi, istedadı, səriştəsi və bacarığı, ən əsası isə qətiyyətli iradəsi vardır. 2016-2020-ci illərdə İran parlamentinin vitse-spikeri kimi cəsarətli qanunların qəbul edilməsində və idarəetmə kursunda dəyişikliklərə yol aça biləcək təşəbüskarlığı, ələxsus qlobal dünyaya inteqrasiya, region ölkələri ilə sıx əməkdaşlıq və digər mühüm məsələlərdə siyasi baxışları ölkədə yeni ab-havanın yaranacağını deməyə ciddi əsaslar verir.
Əminəm ki, Məsud Pezeşkianı 85 milyonluq İran xalqının iradəsini ifadə edərək onların ümidlərini doğruldacaq, dövlətin ictimai, siyasi, sosial və iqtisadi və mədəni həyatında əhəmiyyətli keyfiyyət dəyişikliklərinə səbəb olacaq.
Məsud xoşbətlik, bəxtiyarlıq, səadət, könül xoşluğu deməkdir. Ürək cərrahı olan Məsud Pezeşkianın İran xalqının könlünü xoş edəcəyinə inam böyükdür.

Pezeşkianın İran-Azərbaycan münasibətlərinin dost və yaxın tərəfdaşlıq ruhunda daha da inkişafı yolunda yorulmaz qətiyyətli addımlar atacağına, ölkələr arasında butin istiqamətlərdə əməkdaşlığın genişlənməsinə töhfə verəcəiyinə inanıram. Cənab Prezident İlham Əliyevin Məsud Pezeşkiana ünvanladığı təbrik məktubunda qeyd edildiyi kimi Azərbaycan ilə İran arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər mövcuddur və hər iki tərəf qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan əlaqələrin gələcək inkişafı istiqamətlərində davamlı siyasət yürüdülməkdədir.
Məsud Pezeşkian hələ preziddnt seçilməmişdən əvvəl Azərbaycan dövlətini və xalqını dost və qardaş hesab edib və əlaqələrimizin ən yüksək səviyyəyə çatmasını arzu edib. Ona görə də, Onun dövlət postunda imkanları daha yaxşı səfərbər edəcəyinə, Azərbaycan və İran arasındakı ənənəvi dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə şübhəm yoxdur.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş