Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşanın bütün Türk Dünyasını birləşdirən şəhərə çevrilməsi hər birimizi qürurlandırır

Şuşanın bütün Türk Dünyasını birləşdirən şəhərə çevrilməsi hər birimizi qürurlandırır


35 il öncə ikiqütblü dünyanın varlığına son qoyulmuş və onun yerinə ABŞ-ın liderliyi, hegemonluğu ilə təkqütblü dünya nizamı gəlmişdi. Berlin divarının sökülməsi ilə demokratik Qərb və kommunist Şərq arasında qarşıdurmaya son qoyulmuşdu. Lakin Berlin divarının sökülməsindən 35 il sonra Rusiya-Ukrayna müharibəsi fonunda, dünya yenidən geosiyasi qütbləşmə, ideoloji düşərgələşmə yolunu tutub. Belə ki, indi təkqütblü dünya nizamı çoxqütblü dünya düzəni ilə əvəz olunmaqdadır. ABŞ-ın liderlik etdiyi kollektiv Qərbin alternativi olaraq Çin və Rusiyanın əsas aparıcı rol oynadığı Qlobal Cənub qütbü sürətlə önə çıxmaqdadır. Bu iki qütbün hal-hazırda Ukrayna üzərindən bir-birilə gərgin mübarizə aparması kontekstində indi dünyanın yeni güc mərkəzlərinin ortaya çıxmasına ciddi ehtiyacı var. Türk Dövlətləri Təşkilatı (TDT) məhz bu yeni güc mərkəzlərindən biri kimi çıxış etmək potensialına malikdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən gün Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və bu görüşünün yekununda liderlər tərəfindən “Qarabağ Bəyannaməsi”nin imzalanması Türk dünyasının əsas birləşdirici qurumu olan TDT-nin yeni hədəflərini ortaya qoymuş oldu. “Qarabağ Bəyannaməsi”nin imzalanması bütün Türk dünyası üçün yeni dönəmin başlanmasının rəsmi təsdiqi deməkdir. Göründüyü kimi ortada türk dövlətlərinin və türk liderlərinin güclü siyasi iradəsi var. “Qarabağ Bəyannaməsi”nin imzalanması türk dövlətlərinin birliyini və inkişafını sürətləndirmək üçün daha dərin inteqrasiyaya yol açır.

Türk dünyasının birləşməsi və daha sıx inteqrasiyaya getməsi, böyük güc mərkəzi kimi formalaşması günün tələbidir və bu prosesdə Azərbaycan hazırda aparıcı rol oynayır. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Şuşa Zirvəsində çıxışında qeyd etdiyi kimi Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə böyük səylər göstərib. Bu gün türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Şuşa Zirvəsi isə Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsi istiqamətində yeni səhifə açır.

Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının gələcəyi barədə danışarkən Azərbaycanın mövqeyini bu qədər açıq və birmənalı şəkildə bəyan etdi: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Biz bu sitatın əvvəlindəki və sonundakı fikirlərə xüsusilə diqqət yetirməliyik. Bəli, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir və XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. İlham Əliyevin bu mesajı bütün Türk dünyası üçün “yol xəritəsi”dir. Hər bir türk dövləti bu yolda öz töhfəsini verməlidir. Şuşa Zirvəsində imzalanmış “Qarabağ Bəyannaməsi”ni və qəbul edilmiş digər qərarları isə bu istiqamətdə səylərimizi birləşdirmək üçün etibarlı təməl hesab etmək olar. “Şuşa Bəyannaməsi” Türkiyə ilə Azərbaycanın birliyinin nümayişi idisə, “Qarabağ Bəyannaməsi” isə bütün Türk dünyasının birliyini, həmrəyliyini təmin edəcək. Eyni zamanda, “Qarabağ Bəyannaməsi” TDT-nın beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Bir sözlə, Şuşada keçirilən ilk qeyri-rəsmi Türk Zirvəsi daha böyük hədəflərin təməlini qoydu. Şuşa Zirvəsi Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzlərindən birinə çevrilməsinə təkan verəcək. Şuşanın özü isə belə mötəbər beynəlxalq toplantıya ev sahibliyi etməklə bu şəhərin Türk şəhəri olduğunu bir daha bütün dünyaya sərgiləmiş oldu. Şuşanın bütün Türk Dünyasını birləşdirən şəhərə çevrilməsi hər birimizi qürurlandırır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş