“Bu günlərdə Şuşada baş tutan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü həm Azərbaycanın, həm də Türk dünyasının tarixində yeni bir səhifənin başlanğıcı olacaq”.
Newscenter.az xəbər verir ki, bunu “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, belə bir mötəbər tədbirin ilk dəfə azad olunmuş Qarabağda keçirilməsi həm Azərbaycanın, həm də Qarabağımızın, onun mədəniyyət beşiyi sayılan Şuşanın dünyada tanıdılması baxımından olduqca əhəmiyyətlidir:
“Türk Dünyası üçünsə ona görə əhəmiyyətlidir ki, bundan sonrakı müddətdə Türk Dövlətləri Təşkilatı işini, fəaliyyətini Şuşadakı imzalanmış Qarabağ Bəyannaməsi ilə davam etdirəcək. Həm zirvə görüşünün Şuşada keçirilməsi, həm də imzalanmış Bəyannamənin Qarabağ adı ilə tarixə düşməsi onu deməyə əsas verir ki, Azərbaycan Türk Dünyasının lokomotivinə çevrilir”.
Arzuman Muradlı deyib ki, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən zirvə toplantısı önəmli müzakirələr, vacib qərarlarla yadda qaldı və zirvə görüşündə qəbul edilən sənədlər Türk dünyasının həmrəyliyini, eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək, onun qlobal güc mərkəzinə çevrilməsi prosesini sürətləndirəcək.
İctimai Birlik sədri onu da diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” sözləri, reallıqda artıq öz təsdiqini tapır və bu reallıq dünyaya da sübut olunur.
Süleyman