"Azərbaycan qonşuları ilə sıfır problem siyasətini həyata keçirir. Rusiya ilə münasibətləri yüksək səviyyədədir. Hətta, "Moskva Bəyannaməsi" ilə tərəflər münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırıb. Gürcüstanla strateji tərəfdaşdır. Türkiyə ilə qardaş və müttəfiqdir. İki qardaş ölkə "Şuşa Bəyannaməsi" ilə müttəfiqdir. Və bu Bəyannamə hər iki ölkənin parlamentində təsdiq olunub.
Qeyd edim ki, İranla münasibətlər son altı ayda normallaşıb. Ermənistanla Azərbaycan arasında danışıqlar gedir və sülh müqaviləsinin bağlanması istiqamətində siyasi iradə ortaya qoyurlur. Artıq Ermənistanla Azərbaycan arasında müharibə ehtimalı qismən aradan qalxıb. Tərəflər sənəd üzərində işləyir və razılaşdırılmamış məsələlər danışıqlar yolu ilə həll edir".
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki,
İranla Azərbaycan arasında may ayında hər iki ölkə prezidentinin Araz çayında "Qız qalası" Hidroqovşağı su anbarının açılışında iştirakı, verilən mesajlar, imzalanmış sazişlər tərəflər arasında gərginliyə son qoyub:
"İran Cənubi Qafqazda yeni geosiyasi reallıqları qəbul edərək, Azərbaycanla münasibətləri inkişaf etdirmək istiqamətində addımlar atdı. İranın mərhum prezidenti İ. Rəisi ilə prezident İlham Əliyev arasında əldə edilmiş razılıqlar iki ölkə arasında normallaşmanın əsasını qoyub.
İranın yeni seçilən prezidenti islahatçı qanada mənsubdur və Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün siyasi istəyi var. Demek olar ki, yeni dünya nizamında İran öz ənənəvi siyasətindən bir qədər geri çəkilib, Azərbaycan və Türkiyə ilə strateji müstəvidə əlaqələri inkişaf etdirə bilər. Hazırda Azərbaycan İranla birgə layihələr həyata keçirir. Ötən ay hər iki ölkə sərhəddə taktiki hərbi təlimlər keçirdi".
Politoloq deyib ki, Azərbaycan prezidenti İlham Əliyev İranın yeni seçilmiş azərbaycanlı prezidenti M. Pezeşkianı təbrik edərək, onu Azərbaycana səfərə dəvət etdi:
"Azərbaycana səfər edəcəksə, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər. Bundan sonra, İran ilk növbədə Azərbaycana qarşı hibrid və informasiya savaşına son qoymalı və SEPAH yaratdığı anti-Azərbaycan mərkəzləri ləğv edilməlidir. İran Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyirsə, real praktiki addımlara üstünlük verməlidir".
Anar Əliyev