"Avropa İttifaqının (Aİ) yürütdüyü real siyasətlə onun ümumAvropa məkanı üçün elan etdiyi demokratik prinsiplər bir-birinə tamamilə ziddir. Konkret desək, Avropa İttifaqı heç də elan edildiyi kimi demokratik və pluralist birlik deyil. Bu alyansın xarici siyasət idarəsinin rəhbəri, qatı türk düşməni Cozef Borrelin Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə Görüşündə iştirak etməsinə həddindən artıq dözümsüz və isterik yanaşması Aİ-nin demokratik dəyərləri ilə daban-dabana ziddir".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə. ermənipərəst C. Borrel “X” sosial şəbəkəsindəki hesabında Viktor Orbanın iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşadakı sammitində iştirak etməsinə münasibət bildirərək yazıb ki, “Viktor Orban Aİ-dən onu Türk Dövlətləri Təşkilatının sammitində təmsil etmək üçün mandat almayıb:
"Avropa İttıfaqı Kipr türk separatçı qurumunu legitimləşdirmək cəhdlərini rədd edir və yalnız Kipr Respublikasını tanıyır”. Borrelin bu cür kütbeyin açıqlaması bütövlükdə hazırkı Avropa diplomatiyasının səviyyəsini (daha doğrusu, səviyyəsizliyini) göstərir. Beynəlxalq hüquqdan anlayışı olmayan Avropa İttifaqının bu baş diplomatı başa düşə bilmir ki, Macarıstan liderinin TDT-nin Zirvə toplantısında iştirak etmək üçün Aİ-dən hansısa bir xüsusi mandat almasına ehtiyac yoxdur. Çünki Macarıstan suveren dövlətdir və Aİ-nin üzvü olmaqla bərabər, 2018-ci ildən etibarən Türk Dövlətləri Təşkilatının da müşahidəçi üzvüdür".
Komitə sədri deyib ki, Brüsseldə oturan Aİ-nin əksər rəhbər şəxsləri kimi Borrel də üzv ölkələrə Avropa İttifaqının köləsi kimi baxmağa vərdiş edib:
"Onlara elə gəlir ki, üzv ölkələr yalnız Aİ-nin direktivləri əsasında hərəkət edə, xarici siyasət yürüdə bilərlər. Bir sözlə, Aİ bürokratları üzv ölkələrin suveren hüquqlarını, onların müstəqil siyasət yürütmək təşəbbüslərini hər vasitə ilə məhdudlaşdırmağa çalışırlar. Lakin Macarıstan isə Aİ-nin müstəqil siyasət yürüdən nadir üzvlərindən biri kimi tanınır. Baş nazir Viktor Orban ölkəsinin müstəqil siyasət yürütmək hüququnu hər vəchlə qorumağa çalışır. Ancaq Orbanın müstəqil mövqeyi Borreli həddindən artıq qıcıqlandırır.
Xatırlayırsınızsa, Prezident İlham Əliyev də ötən ay TÜRKPA-nın parlament sədrləri ilə görüşü zamanı Macarıstan parlamentinin sədrinin müavini ilə söhbətində vurğulamışdı ki, “bilirəm ki, Avropa İttifaqında siz böyük təzyiqlərə məruz qalırsınız. Bu da Avropa məkanındakı elan edilmiş demokratik prinsiplərin tamamilə pozulmasıdır”. Bəli, bu gün Aİ öz prinsiplərinin ziddinə gedərək Macarıstana qarşı sanksiyalar tətbiq edir. Avropa İttifaqı hətta hazırda Macarıstanın Aİ Şurasına yarımillik sədrliyini ləğv etmək imkanını da nəzərdən keçirir. Görünən budur ki, Türk dünyasının inteqrasiyası prosesinin getdikcə güclənməsi və Türk Dövlətləri Təşkilatı ölkələrinin Şuşada keçirilən sammitində qəbul edilən “Qarabağ Bəyannaməsi”ndə qarşıya qoyulan böyük hədəflər Borreli və Aİ-nin digər ermənipərəst bürokratlarını ciddi şəkildə narahat edir. Türk dünyasının dirçəlişi onları xoflandırır. Ona görə də Macarıstanı cəzalandırmaqla bütövlükdə türk birliyinə zərbə vurmağı, türk dövlətlərinin toparlanmasını əngəlləməyi düşünürlər. Lakin türkəfobiyanın əsas mərkəzinə çevrilən Avropa İttifaqı türk dövlətlərinin inkişafına və inteqrasiyasına mane ola bilməz. Borrel kimilərin boş-boş danışmaqları türk birliyinin qarşısını almaq gücündə deyil".
Süleyman