"Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısı dünya siyasi xəritəsinə öz möhürünü vurdu.
Toplantının yekununda çox mühüm bir tarixi sənədin - Qarabağ Bəyannaməsinin imzalanması ilə Türk dövlətləri arasında gələcək möhkəm əməkdaşlığın təməl sütunu daha da möhkəmləndi.
3 il əvvəl Zəfər paytaxtımızda Türkiyə və Azərbaycan tərəfindən imzalanan Şuşa Bəyannaməsi Türk Dünyasının siyasi güc və həmrəyliyinin simvoluna çevrilmişdisə, Qarabağ Bəyannaməsi TDT-nin milli-siyasi-hərbi güc alyansının siyasi rəmzi sayıla bilər".
Newscenter.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, Bəyannamə Türk dünyasının gücünün, nüfuz və qarşısıalınmaz qüdrətinin geosiyasi obrazını dünyaya nümayişi deməkdir:
"Qeyd-şərtsiz söyləmək mümkündür ki, Türk Dövlətləri Təşkilatı artıq türk ailəsinin böyük bir coğrafiyanı əhatə edən siyasi-iqtisadi-humanitar strukturuna çevrilməkdə, Avro-Asiya qitəsində yeni geosiyasi institut və platforma rolunu oynamaqdadır.
Qarabağ Bəyannaməsi Avrasiya materikini birləşdirən Türk dövlətlərinin regional və qlobal genişşaxəli fəaliyyəti üçün yeni hüquqi status və öhdəliklər müəyyənləşdirdi".
Vaqif Abdullayev qeyd edib ki, 7 tamhüquqlu və 15 müşahidəsçi üzvdən ibarət 22 ölkəni birləşdirən Türk Dövlətləri Təşkilatı Qarabağ Bəyannaməsində qarşıya qoyulmuş niyyət və məqsədlərin gerçəkləşməsi fonunda böyük bir siyasi coğrafiyada geosiyasi güc landşaftı formalaşdıracaq:
"Bəyannamədə yeni siyasi və iqtisadi hədəflər müəyyən olunub ki, bu da təkcə türkdilli xalqların maraq və mənafeyini deyil, bütün regioan ölkələrinin rifahı və həmrəyliyinə xidmət edir. Bu baxımdan TDT-nin məram və ideyası ümümbəşəri olduğundan dost ölkələrin, o cümlədən Macarıstanın timsalında digər Mərkəzi-Şərqi Avropa dövlətlərinin bu ittifaqda birləşməsi realdır.
Türk Dövlətləri Təşkilatının yeni güc mərkəzi kimi qarşıda daha stateji hədəfləri vardır. Burada ilk növbədə, Uzaq Asiyadan - Çindən Avropaya uzanan XXI əsrin ən nəhəng tranziti olan “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzərində yerləşən ölkələri bir ittifaqda cəmləşdirmək hədəfi daha qlobal strateji xəttdir".
Vaqif Abdullayev daha sonra bunları qeyd edib:
"Nəzərə alsaq ki, Zəngəzur dəhlizi də artıq “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsidir, bu baxımdan Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi TDT-nın məqsdələrinə çatmasında tarixi fürsət oldu. Artıq Zəngəzur və Naxçıvan TDT-nın ən strateji nəqliyat dəhlizinin bir hissəsi hesab olunur.
TDT post-sovet və post-sosialist region ölkələrini bir siyasi mərkəzdə birləşdirməklə zəif və heç bir səmərə verməyən Müstəqil Dövlətlər Birliyi, Avrasiya İttifaqı kimi qurumların arxa plana göndərə və və geosiyasi resursları daha genişlənən platformasına çevrilə bilər".
Anar Əliyev