Bakı şəhərində Azərbaycan Respublikası Hesablama Palatası və Qazaxıstan Respublikası Ali Audit Palatasının arasındakı Anlaşma Memorandumunun yenilənərək imzalanması tədbiri keçirilib.
Newscenter.az xəbər verir ki, sənədi Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Qazaxıstan Respublikası Ali Audit Palatasının sədri Alixan Smayılov imzalayıblar. Sənəd özündə mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, eyni zamanda audit sahəsində potensialın artırılması istiqamətində birgə fəaliyyətlərin daha məhsuldar təşkilini ehtiva edir.
İmzalanma mərasimindən sonra Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşları tərəfindən qurumun fəaliyyəti, kənar dövlət maliyyə nəzarəti tədbirləri, informasiya sistemləri barədə təqdimatlar edilib, həmçinin iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Xatırladaq ki, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ının 19-cu bəndinə əsasən iki ölkənin Ali Audit Orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı cari ildə iki ölkənin Ali Audit Orqanları arasında 2024-2026-cı illər üzrə ikitərəfli əməkdaşlıq istiqamətlərini müəyyən edən Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planında ikitərəfli əməkdaşlıq haqqında memorandumun yenidən baxılaraq imzalanması, paralel audit perspektivlərinin nəzərdən keçirilməsi, eləcə də kadrların peşəkarlığının artırılması çərçivəsində təlim və seminarların keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi məqsədilə işgüzar səfərlərin təşkil olunması məsələləri əks olunmuşdur.
Tədbirin sonunda Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Qazaxıstan Respublikası Ali Audit Palatasının sədri Alixan Smayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Hesablama Palatasının Aparatının rəhbəri Yusif-zadə Tamerlan Namiq oğlunu, Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Səfərova Nuranə Sabir qızını, Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin sektor müdiri Əliyev Elxan Fərrux oğlunu və Maliyyə və təchizat şöbəsinin sektor müdiri Ağayev Namiq Ataxan oğlunu təbrik edərək təltifləri təqdim ediblər, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Nərgiz Əzizova