"Son günlər hamı (xüsusən də müxalifət partiyaları) YAP-ın deputatlığa namizədlərinin siyahısının açıqlanmasını səbrsizliklə gözləyirdi. Budur, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər üzrə deputatlığa namizədlərin siyahısı müəyyənləşdirilərək mətbuatda dərc olundu, ictimaiyyətə açıqlandı. Kifayət qədər maraqlı və rəngarəng siyahıdır. Belə ki, hakim partiyanın namizədlər siyahısında müxtəlif kateqoriyalardan (peşə, gender, yaş və s.) olan insanlar var. Bu siyahıda yeni gənc namizədlərə də yer verilib, YAP-ın təcrübəli, veteran simaları da təmsil olunub".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, əvvəlki seçkilərdən fərqli olaraq YAP bu dəfə 125 dairənin hamısından namizəd irəli sürüb:
"Hakim partiyanın bu namizədlərlə 125 dairənin hamısında mübarizə aparmağa hazırlaşması sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərin kifayət qədər rəqabətli keçəcəyini göstərir. Bu siyahının açıqlanması heç şübhəsiz ki, seçkiöncəsi proseslərin tempini daha da artıracaq. Müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi sözün əsl mənasında tarixi hadisə olacaq".
Komitə sədri deyib ki, bu günlərdə 35 illiyini qeyd edən və bu illər ərzində seçkilərdə iştirak etmək üçün özündə güc və potensial formalaşdıra bilməyən AXCP-nin və onun yedəyində gedən “Milli Şura”nın növbədənkənar parlament seçkilərində iştirak etməkdən imtina etməsi isə onların ənənəvi taktikasıdır:
"Əli Kərimli seçkidə iştirak etməkdən yayınmalarının səbəbini cürbəcür arqument və bəhanələrlə əsaslandırmağa çalışsa da, reallıq isə onu göstərir ki, radikal müxalifət həmişə olduğu kimi budəfəki seçkilərə də hazır deyil. Seçkidən yayınan siyasi qüvvənin özünü partiya hesab etməsi isə absurddur. İstənilən partiyanın gücü ilk növbədə onun seçkilərə münasibəti ilə müəyyən olunur. Boykot taktikası radikalların gücsüzlüyünün göstəricisidir".
Süleyman