"Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fəallıq bütün ölkə üzrə tədricən artmaqdadır. Konkret dairələr üzrə namizədlərin dəqiqləşməsi, potensial rəqiblərin adlarının məlum olması seçkiyə ictimai marağı gücləndirir".
Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Əliabbas Məhərrəmli deyib. O bildirib ki, YAP-ın öz namizədlərini açıqlaması isə növbədənkənar seçkilərə müsbət intriqa qatıb:
"Bunu ona görə qeyd edirəm ki, bır sıra iddialı şəxslər, o cümlədən, siyasi partiyaların əksəriyyəti öz namizədlərini irəli sürmək üçün YAP-ın siyahısının açıqlanmasını gözləyirdi".
Əliabbas Məhərrəmli daha sonra bunları qeyd edib:
"Bildiyiniz kimi, mən də Quba rayonundan ardıcıl üçüncü dəfə namizədliyimi irəli sürmüşəm. İmzatoplama prosesi demək olar ki, yekunlaşıb. Hazırda müəyyən texniki dəqiqləşdirmə işləri aparılır. Bu proses də normal, insanların isti münasibəti şəraitində davam edir. Seçicilərin imzatoplama kampaniyasında iştirakı, komandamıza yanaşmaları yüksək səviyyədədir. İnanıram ki, onların bu yanaşması prosesin sonuna qədər dəyişməyəcək. 59 saylı seçki dairəsinin seciçilərinə, bütün Qubalılara bir daha təşəkkür edirəm!".
Anar Əliyev