Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın geosiyasi rolu artıq önəmli dərəcədə artıb

Azərbaycanın geosiyasi rolu artıq önəmli dərəcədə artıb


Şuşa şəhəri mədəniyyət paytaxtımız olmaqla yanaşı, beynəlxalq diplomatiya və media forumlarına, mötəbər Zirvə toplantılarına ev sahibliyi edən bir məkana çevrilir. İyulun 20-də baş tutan “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi də postmüharibə dönəmində Şuşanın yeni imicinin uğurlu göstəricisi sayıla bilər. Birinci Şuşa Qlobal Media Forumu kimi 2-ci Şuşa Qlobal Media Forumu da həm təşkilatçılıq baxımından, həm də kontingent etibarilə həqiqətən də qloballıq meyarlarına tam cavab verir.

50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun təmsilçilərinin qatıldığı bu Forum təkcə iştirakçıların sayı və coğrafiyası baxımından deyil, həmçinin mövzunun aktuallığı etibarilə də olduqca əhəmiyyətlidir. Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə aparılması bu gün təkcə Azərbaycan üçün deyil, region ölkələri və dünya birliyi üçün də prioritet istiqamətlərdən biri sayılır. Forum üçün məkan olaraq Şuşanın seçilməsi də heç də təsadüfi deyil. Yalan məlumatların ifşasına həsr edilmiş bu tədbir ümumən dezinformasiya ilə mübarizə baxımından vacib olduğu kimi erməni yalanlarına qarşı mübarizə baxımından da əhəmiyyətlidir. Mədəniyyət paytaxtımız olan Şuşa da erməni dezinformasiyalarının hədəfində dayanan yurd yerlərimizdən biridir.

“Euronews” televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İsthamın moderatorluq etdiyi ll Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və sualları cavablandırıb. Dövlətimizin başçısı müxtəlif ölkələrin media nümayəndələrinin suallarını cavablandırarkən yüksək səviyyədə analitik, diplomatik keyfiyyətlərini, natiqlik və kommunikativlik potensialını nümayiş etdirdi. Əcnəbi jurnalistlərin və ekspertlərin suallarını mükəmməl səviyyədə cavablandıran İlham Əliyevin açıqlamaları mühüm çağırışlar və mesajlarla zəngin idi.

Cənab Prezident çıxışının əvvəlində regionda baş verən hadisələri nəzərdə tutaraq bildirdi ki, biz bu gün tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Birinci Forumla 2-ci Forum arasındakı ötən bir il ərzində bizim üçün ən böyük hadisə kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsini vurğulayan Prezident İlham Əliyev bunun regionumuzun təhlükəsizliyi üçün vacib olduğunu qeyd etdi: “Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir. Yəni, biz - bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb”.

İlham Əliyevin ikinci Şuşa Qlobal Media Forumundakı çıxışında toxunduğu əsas məqamlardan biri də bu oldu ki, regionda və Azərbaycanda baş verən hadisələr 30 il davam edən işğal dönəmində və postmüharibə dövründə heç də həmişə obyektiv şəkildə işıqlandırılmayıb. Azərbaycan haqqında beynəlxalq mediada yanlış, həqiqətə uyğun olmayan məlumatların bizim üçün artıq həyat tərzimizin bir hissəsinə çevrildiyini qeyd edən dövlətimizin başçısı bu prosesdə xüsusən də erməni diasporunun fəal rol oynadığını diqqətə çatdırdı: “Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”.

Dünya mediasının Birinci Qarabağ müharibəsi dövründə məhz erməni feyk-mənbələrinə istinad edərək gerçəklikləri yanlış və qərəzli təqdim etməsinin nəticəsi olaraq ABŞ və beynəlxalq qurumlar tərəfindən ədalətsiz sanksiyalara, təzyiqlərə məruz qaldığımızı Forum iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyevin bu qınağı dünya mediasını ciddi şəkildə düşündürməlidir: “Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik”.

Prezident İlham Əliyev bu gün ABŞ prezidentliyinə namizəd Donald Trampın da medianın hücumlarının hədəfinə, ictimai rəyin manipulyasiyasının qurbanına çevrildiyini diqqətə çatdırdı və bildirdi ki, Tramp haqlı olaraq “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Ona görə də bu gün ən vacib olan məsələ məlumatın həqiqətə söykənməsidir. Bu gün hər hansı xəbər, məlumat birtərəfli, qərəzli olmamalıdır. Bəli, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir.

Forumun ümumən 3 saatdan artıq davam edən sual-cavab hissəsində Prezident İlham Əliyev bu gün bizim Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurduğumuzu, Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılmasının hazırda əsas hədəflərimizdən biri olduğunu, Azərbaycanda keçiriləcək COP29-un məhz həmrəylik tədbiri olmasını nəzərdə tutduğumuzu, COP29-la bağlı fəaliyyətimizin Qərb mediası tərəfindən qərəzli şəkildə işıqlandırıldığını yerli və xarici media mənsublarının diqqətinə çatdırdı. Prezident həmçinin Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların, yaxud onların övladlarının öz tarixi torpaqlarına necə qayıdacağı, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı müddəanın ləğv olunması tələbinin sülh sazişinin imzalanması üçün əsas şərt olması, Paşinyanın Londondakı Zirvə toplantısında görüşməkdən qaçması, Fransanın kolonializm siyasətindən əziyyət çəkən xalqlara dəstəyimizi davam etdirməyimiz, Cənubi Qafqazın gələcək iqtisadi inkişaf və siyasi əməkdaşlıq perspektivləri barədə də fikirlərini bölüşdü.

Eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) çox böyük gələcəyinin olduğunu bildirən Azərbaycan Prezidenti onu da qeyd etdi ki, biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik. İlham Əliyev bu gün bəzi beynəlxalq təşkilatların tənəzzüldə, Türk Dövlətləri Təşkilatının isə yüksəlişdə olduğunu qürurla bildirdi. Dövlətimizin başçısı Forumdakı çıxışında həmçinin Türkiyə ilə bərabər, Pakistan tərəfindən də hər zaman qardaş dəstəyi hiss etdiyimizi xüsusi olaraq vurğuladı və buna görə Pakistan xalqına və dövlətinə bir daha minnətdarlığını bildirdi.

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında Prezident İlham Əliyev hazırkı mərhələ üçün əsas hədəfimizi də Forum iştirakçılarının diqqətinə çatdırdı. O, bildirdi ki, biz Azərbaycanın yüksək liqaya daxil olması üçün çalışırıq: “Bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək”. Dövlətimizin başçısının bu sözləri qlobal mediaforuma öz möhürünü vurdu. Bu hədəf istiqamətində göstərilən səylər Azərbaycanın dünya çapında nüfuzunu artırır. Biz artıq bunun bəhrəsini görürük. Bəli, Azərbaycanın geosiyasi rolu artıq önəmli dərəcədə artıb və bundan sonra da artmağa davam edəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş