Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan layihəyə start verilib

Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan layihəyə start verilib


Mərkəzi Seçki Komissiyası (MSK) Ali Məhkəmə və Apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində növbədənkənar parlament seçkilərində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verib.

Newscenter.az xəbər verir ki, tədbir MSK sədri Məzahir Pənahovla Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun giriş nitqləri ilə başlayıb. Onlar öz çıxışlarında vətəndaşların seçki hüquqlarının realizə olunmasında qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb və bununla əlaqədar zəruri tövsiyələr veriblər.

Bundan sonra MSK və Ali Məhkəmə təmsilçilərinin “Milli Məclisə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri”, “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri” mövzularında təqdimatları dinlənilib. İştirakçılara Seçki Məcəlləsinin müraciət və şikayətlərə dair tələbləri, habelə seçki hüququnun müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi barədə ətraflı məlumat verilib və meydana çıxan suallara aydınlıq gətirilib.

Ali Məhkəmənin hakimləri, Bakı və Sumqayıt Apellyasiya məhkəmələrinin sədrləri və hakimləri, MSK üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, eləcə də region üzrə seçki dairələri dairə seçki komissiyaları sədrlərinin də qatıldığı birinci seminar-müşavirəyə seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadiləsi və müzakirələrdən sonra yekun vurulub.

Layihə çərçivəsində seminar-müşavirələrin növbəti mərhələsinin iyulun 23-də Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməklə reallaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçicilərin məlumatlandırılması ilə yanaşı, müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi, aşağı seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıqlarının daha da yüksəldilməsi məqsədilə fərqli istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı proqram ardıcıl və sistemli şəkildə reallaşdırılmaqdadır. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsində mühüm yer tutan maarifləndirmə layihələrinin qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik qurumlarla sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilməsi görülən işlərin effektivliyinin artırılmasına əhəmiyyətli töhfə verməklə bərabər, vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunmasında da önəmli rol oynayır.

Mehman Mehdiyev
Xəbəri paylaş