Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev şəxsiyyəti bu gün siyasi fenomen kimi dünyanın diqqət mərkəzindədir

İlham Əliyev şəxsiyyəti bu gün siyasi fenomen kimi dünyanın diqqət mərkəzindədir


"Azərbaycan Milli Mətbuatının 149 illiyi çərçivəsində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Şuşada keçirilən 2-ci Qlobal Media Forumu mətbuat işçilərinə xüsusi diqqət və qayğının nümayişi olmaqla yanaşı, dünyada və regionda baş verən proseslərə cənab Prezident İlham Əliyev tərəfindən münasibət bildirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, dezinformasiyaya qarşı mübarizə bu gün olduqca aktual məsələlərdən biridir. Azərbaycan uzun illərdir ki, dezinformasiya və yalan məlumatlardan əziyyət çəkən ölkələrdəndir. Bu baxımdan Şuşa Qlobal Media Forumu qlobal media sənayesində əsas hadisələrdən biri kimi qiymətləndirilməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri VI çağırış Milli Məclisin üzvü Tamam Cəfərova səsləndirib. O, bildirib ki, forumda 50-yə yaxın ölkədən 150 xarici qonaq, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb. Azərbaycanın şanlı zəfərinin zirvəsi olan Şuşa artıq beynəlxalq tədbirlərin keçirildiyi, mühüm siyasi diskusiyaların aparıldığı mədəniyyət mərkəzinə çevrilmişdir:

"Əlbəttə, bu hər bir azərbaycanlı üçün olduqca qürurvericidir. Media forumu müxtəlif dövlətlərin nümayəndələri üçün real Azərbaycanı, onun fikirlərini, aktual problemləri onun baxış prizmasından görmək və eşitmək imkanına çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev geniş rezonans doğuran və uzun müddət müzakirə olunacaq bir sıra mühüm siyasi bəyanatlar verdi".

Tamam Cəfərova qeyd edib ki, forumda cənab Prezident Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr və gözləntilər haqqında da vacib məsələlərə toxunub. O deyib:

“Biz ən böyük Günəş Elektrik Stansiyasını - 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik.

Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni, bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır.

Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür”.

Millət vəkilinin sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı hazırda Azərbaycanın enerji siyasətinin prioritetidir:

"Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.

Sual-cavab formatında keçirilən forumda cənab Prezident dünyada və regionda baş verən siyasi proseslərlə əlaqədar media nümayəndələrini maraqlandıran sualları cavablandırmaqla yanaşı, dünyada baş verən bir çox mühüm siyasi proseslər haqqında ölkəmizin konkret mövqeyini də nümayiş etdirib. Xüsusilə, dünyada hələ də mövcud olan kolonializm siyasəti barədə ölkə Baçısı konkret mövqe ortaya qoyub:

“Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər. Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək".

Tamam Cəfərova onu da deyib ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsna əhəmiyyətə malikdir:

"Kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir”. Azərbaycan Prezidentinin nümayiş etdirdiyi konkret mövqe yaxşı olardı ki, dünyanın aparıcı dövlətləri və güc mərkəzləri, beynəlxalq təşkilatlar üçün nümunə olsun. Aydın məsələdir ki, kolonializmdən əziyyət çəkən ölkələr nicat yolunu Azərbaycanda tapıb, bu yolla öz haqq səslərini dünyaya çatdırırlar. Bu mənada Bakı Təşəbbüs Qrupunun fəaliyyətini xüsusi qiymətləndirmək lazımdır.

Reallıq ondan ibarətdir ki, bu gün dünyada baş verən bütün mürəkkəb siyasi proseslərin fövqündə Azərbaycan dinamik inkişaf nümunəsi ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən daha da güclənən Azərbaycan bütün siyasi arenalarda haqlı və güclü mövqeyini ortaya qoymaqdan çəkinmir. Əlbəttə bütün bunların arxasında güclü siyasi iradə, xarakter mövcuddur. Bu gün prezident İlham Əliyevin nümayiş etdirdiyi əzm və siyasi iradə Azərbaycan xalqının birliyinin, həmrəyliyinin siyasi təzahürünə çevrilmişdir".

Millət vəkili, "Bu Forum Azərbaycan Prezidentinin dünya maşstablı Lider olduğunun növbəti təzahürü oldu. Bu gün dünya siyasi arenasında şəxsiyyət amili olduqca mühüm əhəmiyyət kəsb edir. Tarixə nəzər salsaq görərik ki, ötən yüz ildəki siyasi şəxsiyyətlər bu gün yoxdur.

Ölkələrin siyasi hakimiyyəti bir-birini əvəz edir,lakin, tarixdə iz qoyacaq şəxsiyyətlər yetişmir. Şübhəsiz ki, bu baxımdan Azərbaycan bir istisnadır. Ölkədəki siyasi sabitlik və davamlılıq şəxsiyyət amilinin önə çıxmasında olduqca mühüm rol oynayır.

Danılmaz həqiqətdir ki, İlham Əliyev şəxsiyyəti bu gün siyasi fenomen kimi dünyanın diqqət mərkəzindədir. Şuşa Qlobal Media Forumuna dünyanın müxtəlif ölkələrinin və media mərkəzlərinin göstərdiyi maraq da bunun əyani təzahürüdür",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş